1 noyabr 2022-ci il tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının rüblük görüşü keçirildi. Görüşün məqsədi cari ilin 9 ayı ərzində Koalisiya üzvləri tərəfindən görülmüş işlər barədə təqdimatların edilməsi, ölkədəki vərəmlə bağlı cari vəziyyətin VCT yönümündən dəyərləndirilməsi və müzakirə edilməsi idi.
Görüşü giriş sözləri ilə açan Koalisiya sədri Elçin Muxtarlı son aylarda Koalisiyanın həm yerli, həm də beynəlxalq tədbirlərdə ölkəni layiqincə təmsil etməsi barədə məlumat verdi. Daha sonra iclasda iştirak edən digər Koalisiya üzvləri də hesabat dövrü ərzində həm vərəmlə mübarizə istiqamətində, həm də digər səhiyyə yönümlü sahələrdə gördükləri işlər barədə təqdimat edib məlumat verdilər.
Koalisiyanın üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova görüşdə iştirak edib, son 9 ay ərzində Cəmiyyətin həyata keçirdiyi fəaliyyətlər – Azərbaycan Respublikası Səhiyyə Nazirliyində olan görüş, AzQAC-ın Qaradağ rayon bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Qaradağ rayonunda Qızıl Daş və Korgöz qəsəbələrində əhali arasında skrinning müayinəsinin təşkili, “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar Zamanı Sağlamlıq üzrə Dayanıqlığının Gücləndirilməsi” layihəsinin yekun tədbiri, miqrantlarla vərəmə dair maarifləndirmə tədbirləri, 10-oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı tədbirlər barədə çıxış etdilər.
Koalisiyaya yeni üzv təyin edilmiş Hemofiliyalı Xəstələrin Respublika Assosasiyasının sədri Ayaz Hüseynov da öz növbəsində Assosasiya barədə qısa məlumat verib, iclas iştirakçılarının suallarını cavablandırdı.
Görüşün sonunda koalisiyanın gələcək fəaliyyətləri müzakirə edidi.