8 dekabr 2015-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Cenevrə Beynəlxalq Konfrans Mərkəzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Beynəlxalq Hərəkat) 32-ci Beynəlxalq Konfransının açılış mərasimi keçirilmişdir. Qeyd edək ki, 4 ildən bir keçirilən Beynəlxalq Konfransda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF), Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə yanaşı Cenevrə Konvensiyasına üzv ölkələrin dövlət nümayəndələri də iştirak edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Konfransda Milli Cəmiyyətin İcraçı Katibi Bayram Vəliyev, İcraçı Katibin müavinləri Şaban Şayev və Ceyhun Mirzəyev və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərovadan ibarət olan 4 nəfərlik nümayəndə heyəti ilə təmsil olunurdu. Azərbaycan Respublikası höküməti isə Beynəlxalq Konfransda Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçisi xanım Aytən Qafarova, həmçinin Azərbaycan Respublikasının Cenevrə şəhərində fəaliyyət göstərən BMT və Beynəlxalq Təşkilatlarla iş üzrə Daimi Nümayəndəliyinin məsul işçiləri tərəfində təmsil olunmuşlar.
Beynəlxalq Hərəkatın 32-ci Beynəlxalq Konfransı BQXK-nin yaradıcısı Anri Dünanın adına təsis olunmuş medalının təqdim olunma mərasimi ilə başlamışdır. Qeyd edək ki, Anri Dünan medalı Banqladeş Qızıl Aypara Cəmiyyətinin üzvü xanım Monivara Sarkara təqdim olunmuşdur.
Rəsmi açılış mərasimindən sonra BQXK-nin Prezidenti Peter Maurer və BQXQACF-nın Prezidenti Tadateru Konoe çıxış etdi. Daha sonra Fundamental Prinsipler, Sağlamlıq, Beynəlxalq Humanitar Hüquq, Gender əsaslı zorakılıq mövzularında geniş müzakirələr aparılmışdır. Qeyd edək ki, Beynəlxalq Konfrans 3 gün davam edəcək.
8 dekabr tarixində AzQAC-nin İcraçı Katibi Bayram Vəliyev və İcraçı Katibin müavini Ceyhun Mirzəyev BQXQACF-nın Avropa zonası Ofisinin Direktoru Simon Missiri və BQXQACF-nın Avropa zonası Ofisinin Cənubi Qafqaz üzrə koordinatoru Mette Peterson ilə rəsmi görüşlər keçirmişlər. Görüşdə Cəmiyyətin hazırkı inkişaf mərhələlərinin vəziyyəti, gələcək 2016-2020-ci illərin Strategiyası üzrə inkişaf hədəfləri və Beynəlxalq Federasiya ilə hazırkı münasibətlərin vəziyyəti geniş şəkildə müzakirə olunmuşdur