7 yanvar 2023-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Bakı şəhər 200 saylı tam orta məktəbin şagirdlərinin birgə təşəbbüsü ilə miqrant ailələrin uşaqları üçün yeni illə əlaqədar tədbir təşkil olunub. Tədbir zamanı şagirdlər tərəfindən hazırlanmış hədiyyələr miqrant ailələrdən olan uşaqlara təqdim olunub.
Qeyd etmək lazımdır ki, bundan öncə AzQAC-ın Sağlamlıq və qayğı şöbəsinin əməkdaşı Mətanət Qaraxanova tərəfindən 200 saylı tam orta məktəbin şagirdləri üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında seminar təşkil olunub. Seminarda şagirdlərə Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verilib. Seminar zamanı AzQAC-ın ölkədəki miqrantlarla bağlı fəaliyyətləri ilə tanış olan şagirdlər Yeni il münasibəti ilə miqrant ailələrin övladlarına hədiyyələr təqdim etmək qərarına gəliblər. Beləliklə, məktəblilər və onların valideynləri 32 nəfər miqrant ailələrin uşaqlarına kiçik hədiyyələr hazırlayıb və onların təqdim edilməsi üçün Cəmiyyətin ofisinə toplanıblar. Tədbirdə məktəblilər öncədən tanımadıqları uşaqlara hazırladıqları hədiyyələri təqdim ediblər, Yeni il ilə bağlı təbrikləri səsləndiriblər.
Tədbirin sonunda valideynlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, xüsusilə tədbirin təşəbbüskarları AzQAC-ın Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Sağlamlıq və qayğı şöbəsinin əməkdaşı Mətanət Qaraxanovaya öz təşəkkürlərini bildiriblər, bu tədbirlərin uşaqlarda insansevərlik, dostluq, mərhəmətlik, könüllülük kimi keyfiyyətlərin formalaşmasına kömək etdiyini vurğulayıblar.