Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam etdirir. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirinin əsas məqsədi FMKD-nın könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC-ın rayon bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirməkdir. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD-nın könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək üçün daha çox şans verir. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verir və praktiki məşğələlər nümayiş etdirirlər. Tədbirdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.
Belə ki, 2022-ci ilin dekabr ayında AzQAC-ın Qazax, Cəbrayıl, Tovuz və Bərdə bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən Qazaxın 2-ci Şıxlı, Bərdənin Güloğlular, Cəbrayılın Böyük Mərcanlı, Tovuz rayonunun Adil Qasımov adına orta məktəbində və peşə liseyində ümumilikdə 6 Mobil İlk Yardım Postu tədbiri təşkil edilib.