Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi işinin aparılması yönündə ciddi tədbirlər görməkdə davam edir.
“Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa və Cenevrə Konvensiyalarına zidd olaraq, “ Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Vağzal Tibb məntəqəsi girişində asılmış yazı tablosunda ağ fonda Qırmızı Xaç və Qırmızı Aypara təsvirlərindən istifadə edilmişdir. Bu işlə bilavasitə məşğul olan Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin Yayımı sektoru tərəfindən Vağzal Tibb məntəqəsinə bu emblemlərdən istifadə etməyin qanunən doğru olmadığı haqqında məlumat verilmişdir. Həmçinin, tibb məntəqəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və emblemlərdən istifadə qaydaları haqqında məlumatlandırılmışdır.
Vağzal Tibb məntəqəsi də öz növbəsində xəbərdarlığa dərhal reaksiya verərək tibb məntəqəsinin yazı tablosunu dəyişdirmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcək.