Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər, Miqrasiya şöbələrinin birgə təşkilatçılığı ilə miqrant uşaqlar üçün xeyirxah aksiya keçirildi. Bildiyiniz kimi, Gənclər Komitəsinin, Gənclər və könüllülər şöbəsinin pilot layihəsi vardır. Layihənin birinci hissəsi sosial cəhətdən zəif olan ailələrin gənc qızlarına peşəkar ustalar (saç, manikür, pedikür) tərəfindən sənət öyrədilməsi və işlə təmin olunması idi. Bu hissə uğurla davam edir. Ikinci hissə isə sosial cəhətdən zəif olan ailələrin uşaqlarının, miqrant və şəkərli diabet olan uşaqların təmənnasız olaraq həkim müayinəsindən keçirilməsidir.
Tədbir 25 fevral tarixində Bakı şəhərində yerləşən Brizol göz klinikasında baş tutdu. Qeyd edək ki, İsrail Magen David Adom tərəfindən cəmiyyətimizə hədiyyə verilən ilk yardım ambulansları uşaqların xidmətində oldu.
Tədbiri giriş sözü ilə Cəmiyyətin İcraçı Katibinin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açıq elan edərək bu günün mahiyyətindən söhbət açmışdır.
Tədbirin mahiyyəti gözləri zəif olan miqrant uşaqların müayinəsi və müalicəsindən ibarət idi. Bu xeyirxah aksiyanı isə Brizol göz klinikası təmənnasız olaraq həyata keçirdi. Klinikanın həkimi, cərrah Günay Əliyeva 5 nəfər uşağın gözlərini müayinə etdi, sonda eynəyə ehtiyacı olanlara eynək, müalicəyə ehtiyacı olan uşaqlara isə müalicə təyin etdi.
Sonda aksiyanı təmənnasız olaraq həyata keçirdiyinə görə Brizol göz klinikasının rəhbərliyinə və həkim kollektivinə, xüsusilə də, həkim-cərrah Günay Əliyevaya öz təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, hər ay yuxarıda göstərilən kateqoriyadan olan 5 uşağın müayinəsini və müalicəsini Klinika təmənnasız olaraq öz üzərinə götürüb həyata keçirdəcək. Eyni zamanda, şöbə tərəfindən bu cür aksiyanın Respublikanın rayon və kəndlərində yaşayan aztəminatlı ailələrin uşaqları və yeniyetmələri üçün həkim briqadasının səyyar dəstəsi ilə həyata keçirilməyi nəzərdə tutulur.