AzQAC-ın 96 illik, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara federasiyasının fundemental prinsiplərinin 51 illik yubileyləri münasibətilə respublikanın bütün bölgə və Aypara hərəkatı ilə tərəfdaş müəssisə və təşkilatlarda, ali və orta təhsil məktəblərində silsilə tədbirlərin keçirilməsi davam edir. Bununla yanaşı AzQAC Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsi, (ADMXİ) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Azərbaycan Təhsil Nazirliyi ilə müştərək razılaşmanın nəticəsi olaraq ali və orta təhsil məktəblərində “Miqrasiya nədir” və “İnsan alverinin qurbanına çevrilməyək” mövzularında 4 aprel 2016-cı il tarixdən etibarən respublika üzrə silsilə seminarlar keçirir. Bu seminarların sayı 2015-ci ildə 760-ı keçmişdir. Miqrasiya şöbəsinin müdiri, ADMXİ –nin nəzdində İctimai Şuranın katibi Məmməd Kətanovun yaxından iştirakı və səyi ilə bu seminarlar geniş məktəbli və tələbə auditoriyasını əhatə edir və çox böyük maraqla qarşılanır və seminarsonu hər bir iştirakçıya müvafiq maarifləndirici bukletlər paylanır və mövzu ilə bağlı video çarxlar nümayiş olunur.
Belə ictimai qurumlardan biri də – artıq bir neçə ildir ki, bizimlə sıx əməkdaşlıq edən Azərbaycan Uşaq və Gənclərin “Sülh” Şəbəkəsidir. Şəbəkənin üzvləri müxtəlif sahələr üzrə (sağlamlıq, uşaq hüquqları, qadın zorakılığı, ekologiya, erkən nigahlar və s.) bir çox Milli və Beynəlxalq layihələri həyata keçirərək, uğurlar qazanmışlar. Şəbəkə bir çox ildir ki, Ombudsman aparatının nəzdində yaradılıb və böyük məktəbli kontingentini özündə birləşdirir.
Növbəti dəfə 10 aprel 2016-cı il tarixdə 50-yə yaxın şəbəkə üzvü AzQAC-ın Miqrasiya şöbəsi və “İcmaya əsaslanan sağlamlıq” proqramının təşkilatçılığı ilə “Autizm nədir?,” İnsan alverinin qurbanına çevrilməyək” və “Miqrasiya nədir?” mövzusuları”na həsr edilmiş maarifləndirici tədbirə qatılmaq üçün toplaşmışdılar.
Tədbiri giriş sözü ilə AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova açaraq dünya səhiyyəsinin ən aktual məsələlərindən biri olan Autizm günü ilə bağlı məlumat vermiş və uşaqların diqqətini bu problemdən əziyyət çəkən insanlara vacib olan diqqət və qayğıdanç onların cəmiyyətə inteqrasiyası yolunda gənclərin üzərinə düşən vəzifələrdən söhbət açdı.
Sonra “Miqrasiya nədir” və ”İnsan alverinin qurbanına çevrilməyək” mövzusuna həsr edilmiş maarifləndirici seminara başlamaq üçün Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyevaya söz verdi.
Tədbirdə Ombudsman Aparatının eksperti, şəbəkənin rəhbəri, müəllimləri və valideynlər iştirak edirdi. Tədbir iştirakçılarını salamlayaraq S. Hacıyeva son 10 gündə erməni işğalçılarının torpaqlarımıza təcavüzü və ordumuzun rəşadətli əks-həmləsi və verdiyimiz şəhidlər barəsində məlumat verdi. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra iştirakçılara “İnsan alverinin qurbanına çevrilməyək” mövzusunda keçirilən seminarın mahiyyəti, “Miqrasiya nədir”, “Miqrant” kimdir, İnformasiya Mərkəzi, Miqrasiya İnformasiya Məntəqəsi, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında məlumat verdi. Daha sonra “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsanları tora salmaq üçün fəndlər”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət etməyin yolları” və s. barədə aldıqları geniş və məzmunlu məlumatlardan razı qalan şəbəkə üzvləri və valideynlər onları maraqlandıran suallarla moderatora müraciət etdilər. İzahatla bahəm yeri gəldikcə bu mövzunun canlandırıldığı hekayələr və öz təsdiqini tapmış statistik məlumatlar onların nəzərinə çatdırıldı və “İki balaca qız” adlı multifilm nümayiş etdirildi.
Tədbirin sonunda müəllim və valideynlər verilən məlumatlardan, aldıqları təəssüratlardan çox razı qaldıqlarını bildirərək belə gərəkli maarifləndirici seminarların yenə keçirilməsini arzulayaraq AzQAC-a minnətdarlıqlarını bildirdilər. Tədbir iştirakçılarına”Uşaq alveri” mövzusunda bukletlər paylandı.