29 sentyabr 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Baş Katibinin Ofisinin direktorunu qəbul edib. Görüşün əsas məqsədi iki qurum arasında və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində mövcud əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi, gələcək humanitar fəaliyyətlərdə lazımı dəstəyin göstərilməsindən ibarət olub. Novruz Aslanov gələn qonağı salamlamış və Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri haqqında qısa məlumat vermişdir. İnkişafa doğru addımlayan milli cəmiyyət Beynəlxalq Federasiyasının layiqli üzvü olaraq keçmiş MDB ölkələrinin milli cəmiyyətləri arasında ən güclü və çevik Milli Cəmiyyət hesab olunur. Cəmiyyət demək olar ki, MDB ölkələrinin milli cəmiyyətləri arasında olan yeganə qurumdur ki, fövqəladə hallardan zərər çəkmiş bir sıra ölkələrə maddi-humanitar dəstək göstərmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət tərəfindən olan dəstəyi və bu dəstəyin nəticəsində cəmiyyətdə olan irəlişlər xüsusi olaraq görüşdə qeyd edildi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri, hökumət və qeyri-hökumət təşkilatları ilə qurulmuş tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə üstünlük verir.
Cənab Caqan Çapaqain AzQAC-ın Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində, hökumət və qeyri-hökumət təşkilatları ilə olan əməkdaşlıq siyasətini, apardığı fəaliyyətini və qazandığı nailiyyətləri yüksək qiymətləndirərək cəmiyyət üçün prioritet olan sahələrdə Federasiyanın dəstək olmaq arzusunu xususilə vurğuladı. Cənab Capaqain qeyd etdi ki, Beynəlxalq Federasiya üçün vacib olan əsas məqam odur ki, onun tərkib hissəsi olan milli cəmiyyətlər, o cümlədən də Azərbaycan Qızıl Aypara Cəmiyyəti güclü, inkişaf etmiş və hər bir şəraitə lazımı cavab verən cəmiyyətə çevrilsin. Eyni zamanda qeyd olundu ki, güclü milli cəmiyyətlərlə yanaşı onları beynəlxalq aləmdə təmsil edən güclü Federasiyanın olması vacibdir. Qloballaşmış dünyada bu missiyanı reallaşdırmaq üçün bütün imkanlar səfərbər olmalı və birgə dəstək nəticəsində irəliyişə doğru müvafiq addımlar atılmalıdır.
Görüşün sonunda Novruz Aslanov və cənab Caqan Çapagain belə qarşılıqlı əməkdaşlığın davamlı olacağını və gələcəkdə birgə fəaliyyətlərin həyata keçirilməsinin vacib olduğunu bildirmişlər.