07.10.2016-cı ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Miqrasiya Şöbəsinin müdiri Məmməd Kətanov, Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı, miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyeva və İcmada Sağlamlıq layihələri üzrə coordinator Mətanət Qaraxanova Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Bakı ofisinin Proqram şöbəsinin müdir müavini Nərmin Osmanlının dəvəti ilə BMT QAK-ın Bakı ofisində işgüzar görüşdə olmuşlar.
Görüşün məqsədi AzQAC-ın miqrantlarla apardığı işlər, yerinə yetirdiyi fəaliyyətlər, Azərbaycan dili kursları barədə tanışlıq və Bakı nümayəndəliyinin AzQAC-la gələcəkdə müştərək əməkdaşlığının daha da inkişaf etdirilməsi yollarında mütəmadi dəstək imkanlarını müzakirə etmək, işin gedişatı zamanında iradi və qeyri-iradi anlaşılmazlıqların və ya çatışmazlıqların aradan qaldırılması yollarını axtarmaq idi.
AzQAC Miqrasiya Şöbəsinin müdiri Məmməd Kətanov xanım Osmanlını rəhbəri olduğu şöbənin apardığı layihələr və onun fəaliyyət imkanları, ümumiyyətlə, AzQAC-ın yarandığı 1920-ci ildən bəri gördüyü işlər, eləcə də miqrantlarla apardığı işlər barədə müfəssəl məlumat verdi. Sona Hacıyeva 2013-cü il Oktyabrın 1-də öz rəsmi açılışını etmiş, artıq bu günlərdə özünün 4-cü dərs ilinə başlamış Azərbaycan dili kursunun fəaliyyəti və nəticələrindən danışdı. Müdavimlərin dərsə mütəşəkkil davamiyyəti, onların yüksək öyrənmə maraq və qabiliyyətləri və ilin sonunda göstəricilərin yüksək olması müəllimə tərəfindən diqqətə çatdırıldı. Məmməd Kətanov artıq başa vurulmuş 3 dərs ilinin yekununda onlara 9 aylıq dinləmələrlə bağlı Sertifikatların verilməsinə, onların cavablarının orta ümumtəhsil məktəblərinin müəllim heyəti tərəfindən məmnunluqla qarşılanmasına diqqəti çəkdi.
Sonra görüşdə İcmada Sağlamlıq layihələri üzrə coordinator Mətanət Qaraxanova sağlamlıq, psixoloji dəstək yönümündə qadınlar və uşaqlarla apardığı işlər barəsində danışdı və xanım Osmanlıya müraciət edərək, bu istiqamətdə görüləcək tədbirlərdə təşkilat tərəfindən müvafiq dəstəyin göstərilməsini təklif etdi.
Bütün deyilənlərin davamı kimi Nərmin Osmanlı görülən işlərdən razılığını bildirdi və müvafiq dəstəyin verilməsi üçün müzakirələr aparacağını söylədi və Azərbaycan dili dərslərinin daha da müvəffəqiyyətli alınması üçün öz təkliflərini verdi.
Görüş ümumilikdə çox interaktiv və məhsuldar keçdi. Hər iki tərəfin nümayəndələri gələcəkdə belə görüşlərin sayının intensiv və daha geniş spektrdə olması istəyi ilə bir-birinə qarşılıqlı minnətdarlıq bildirdilər və uğurlar arzuladılar.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından Məmməd Kətanov bir daha dəvət və fikir mübadiləsi üçün yaradılan imkana görə BMT QAK Proqram şöbəsinin rəhbəri Migena Tane və şöbənin müdir müavini Nərmin Osmanlıya Milli cəmiyyətin rəhbərliyi adından səmimi təşəkkürlərini bildirdi.