Miqrasiya social-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və ümumən, müsbət xarakter daşıyır. Miqrasiya yeni xalqların və dövlətlərin yaranmasına, cəmiyyətlərin inkişafına təkan vermiş və bu gün də milli, regional və dünya məsələlərində mühüm rol oynamaqda davam edir. Artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğunu qeyd edən prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı qonaqpərvər xalqdır, ölkəmizdə aparılan quruculuq və abadlıq işləri, iqtisadiyyatdakı inkişaf miqrantları bizim ölkəyə cəlb edir.”
Respublikamızda miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir və digər cavabdeh qurumlarla bahəm ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir.
Ölkədə fəaliyyət göstərən bir çox əcnəbi və yerli şirkətlərin də bilavasitə müştərək tərəfdaşlığı ilə son illərdə bütün Milli və Beynəlxalq bayramlarda AzQAC Miqrasiya şöbəsi Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış yerli və əcnəbi qaçqın və miqrantlara humanitar yardımlar edir (ərzaq bağlamaları), rayon və qəsəbələrdə, qaçqın şəhərciklərində və Bakı şəhərində kompakt halda yaşayan məcburi köçkünlərə ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları, gənclərlə tədbirlər və s. təşkil edir,onları qrup şəklində tarixi abidələrə, müqəddəs ziyarətgahlara, teatr və muzeylərə dəvət edir.
2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti , Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 3-cü ildir ki, əcnəbi miqrantlara HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur. Kursa hər tədris ili ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 32-35 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs daha iki ay məktəbə hazırlıq yönümündə davam etdirilir və bunun nəticəsində bu il 16 nəfər miqrant uşağı yüksək sınaq göstəricisi ilə Bakı şəhərindəki məktəblərin müvafiq siniflərinə qəbul olunmuşlar.
AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 5-də müqrantlar üçün HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 4-cü tədris ilinin açılışını etdi. Açılışı giriş sözü ilə QQGM-in meneceri Zəminə Səfərova edərək qonaqları, miqrantları və icma liderlərini salamladı. Açılışda AzQAC Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Katibi Məmməd Kətanov çıxışında Cəmiyyətin prezidenti Novruz Aslanovun salamlarını tədbir iştirakçılarına çatdırdı və dedi ki, bu kurs miqrantların cəmiyyətə inteqrasiyasında mühüm rol oynyır və müdavimlər hər il Sertifikat və humanitar yardımlarla mükafatlandırılırlar.Gələcəkdə də cəmiyyət bu yönümdə daha uğurlu addımlar atmağı, digər şöbələrlə müştərək seminar və görüşlər keçirməyi planlaşdırır.
Tədbirdə müəllimə Sona Hacıyeva,Yayım şöbəsinin rəhbəri Xalid Xəlilov, HAYAT Beynəlxalq təşkilatının Təhsil işləri üzrə koordinatoru Fuad Məmmədov, ofisin digər işçiləri və icma liderləri iştirak edirdi.
Zəminə xanım ötən kursdan çox razı qaldıqlarından, onun miqrantların cəmiyyətə inteqrasiyasında böyük rol oynadığı, sosial həyatlarında yardımçı olduğundan danışaraq AzQAC rəhbərliyinə – şəxsən cənab Novruz Aslanova, bu kursun ərsəyə gəlməsində böyük əməyi keçmiş Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Katibi Məmməd Kətanova, müəllimə Sona Hacıyevaya, öz adından və həmçinin HAYAT təşkilatı rəhbərliyi adından təşəkkürlərini bildirdi. Zəminə xanım söylədi ki, onlar AzQAC-la bu əməkdaşlıqdan çox məmnun qalıblar, dərsin səviyyəsi həm təhsil işçiləri, həm də müdavimlərin ürəyincə olub.
HAYAT təşkilatının təhsil işləri üzrə koordinatoru Fuad Məmmədov söhbətə qatılaraq kursun bu ilki ugurlarından və müsbət nəticələrdən danışaraq dedi ki: Təhsil Nazirliyi və Bakı şəhər təhsil idarəsi nümayəndələri bu ilki test nəticələrindən və müəllimə Sona Hacıyevanın işindən yenə də çox razı qalıblar. Belə ki, bu il 16 məktəbyaşlı miqrant Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müvafiq siniflərinə qəbul olunublar. O, görülən işlərin nəticələrinin BMT-nin Baki ofisində müzakirə edildiyi və məmnunluqlarını ifadə etdiklərini bildirdi.
AzQAC-ın nümayəndələri bir-bir söz alaraq layihənin humanist məramından, onun müdavimlərə köməyindən, gələcək planlardan, görüləsi tədbirlərdən söz açaraq bu şəraiti yaratdığına və hər zaman bu kursa lazımi dəstək verdiyinə görə HAYAT təşkilatı rəhbərliyinə, o cümlədən, Zəminə xanıma minnətdarlıqlarını bildirdilər.
Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq Azərbaycan, onun tarixi,coğrafiyası və AzQAC-ın ölkədəki yeri və fəaliyyəti haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başladı. Dərsdə ilkin olaraq 17 müdavim iştirak etdi və onlara dərs ləvazimatı paylandı və onlar şirniyyat süfrəsinə dəvət olundular.
Dərsdən sonra Zəminə Səfərova, Məmməd Kətanov, Sona Hacıyeva, Xalid Xəlilov ikitərəfli görüş keçirərək bu uğurlu əməkdaşlıqdan, onun pozitiv nəticələrindən, gələcəkdə də planlaşdırılan bir çox fəaliyyətlərdən danışdılar. Sonda Məmməd Kətanov mərkəzin rəhbərliyinə, HAYAT təşkilatına, Fuad Məmmədova və digər əməyi keçənlərə cəmiyyət rəhbərliyi adından təşəkkür etdi.
Tədbir əvvəldən axıra kimi maraqlı kadrlarla AzQAC-ın informasiya şöbəsinin əməkdaşı tərəfindən lentə alındı.