Fevral ayının 5-10 ərəfələrində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkili və dəstəyi ilə 26 nəfərdən ibarət Fövqəladə Hallar zamanı cəlb olunan Mobil Könüllü Dəstələrə birgə İlk Psixoloji Yardım, İlk Yardım və Silahlara Qarşı Mübarizə sahələrində hər iki təşkilatın mütəxəssisləri tərəfindən təlimlər keçirilmişdir. Təlimlərin məqsədi Mobil Könüllü Dəstələrə (FHMKD) fövqəladə hallarda zərər çəkmiş əhaliyə, həssas icmalara müvafiq və lazımı köməyin göstərilməsi üçün bilik və bacarıqların öyrədilməsidir.
Bərdə şəhərinin Prins Otelində təşkil edilmiş tədbirdə AzQAC-ın Qazax, Fizuli, Tərtər və Aqdam rayon bölmələrindən seçilmiş və dəvət olunmuş könüllü dəstələr təlimlərin qaydaları və mövzuları ilə tanış olmaqla yanaşı eyni zamanda komanda şəklində işləmək üsullarını öyrənmiş, müxtəlif məşğələlərdə fəal iştirak etmişlər. Məşğələlər zamanı dəstələr arasında liderlər seçilmişdir.
Qeyd etmək lazımdır ki, təlimlər silsiləsinin başlanğıcı kimi yanvar ayının 15-18 ərəfələrində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) tərəfindən FHMKD-rə digər mövzular üzrə də (Çox sürətli (ilkin) və sürətli, ətraflı və davamlı qiymətləndirmə, Yardımın Paylanılması Qaydaları, Fövqəladə Hallar zamanı Operativ Kommunikasiya, Ailə Əlaqələrin Bərpası) təlimlər təşkil edilmişdir.
Bütün yuxarıda qeyd edilən mövzulara toxunduqda izah olunmuşdur ki, verilən bilik və bacarıqlar üzrə yaxın gələcəkdə simulasiya tapşırıqları təşkil ediləcək. Eyni zamanda dəstələrə müraciət edərək tövsiyə edilmişdir ki, onlar rayon bölmələri səviyyəsində öz aralarında görüşlər keçirib verilən bilikləri yada salsınlar, yaradılmış dəstə abu havasını qoruyub saxlasınlar.
Təlimlərin sonunda dəstə üzvlərinə Sertifikatlar təqdim olunmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran cəmiyyət adından BQXK-nin rəhbərliyi və əməkdaşlarına səmərəli əməkdaşlığa və belə bir tədbirlərin təşkil olunmasında lazımı dəstəyin verilməsinə görə təşəkkürünü bildirmişdir.