14 aprel 2017-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qan ver yaşat!” devizi altında növbəti qanvermə aksiyası kecirildi. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilib.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova,bölmənin əməkdaşları,Sumqayıt Dövlət Universitetinin prorek-torları, fakultə dekanları həmçinin müəllim heyəti keçirilən qanvermə aksiyasında fəal şəkildə iştirak edərək universitetin tələbələrinə nümunə olublar.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları ilk olaraq donorların sağlamlıq vəziyyətini müayinə ediblər. Qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib və onların hər biri qeydiyyata alınıb. Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib aksiyada fəal iştirak ediblər. 500-dən çox müəllim,tələbə və könüllülərin qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq.
Qanvermə aksiyası zamanı donorlar üçün QAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanan çay və şirniyyat süfrəsi təşkil olunmuşdu. Bölmənin könüllüləri qan verən insanlara xidmət göstərərək onların qayğısına qalmışdılar.