- 2 09.2017-cı ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Miqrasiya Şöbəsinin müdiri Məmməd Kətanov, Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı, miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Bakı ofisinin Proqram şöbəsinin müdiri, xanım Migena Tane və müavini Nərmin Osmanlının dəvəti ilə BMT QAK-ın Bakı ofisində işgüzar görüşdə olmuşlar.
Görüşün məqsədi Azərbaycan dili kursları barədə yeniliklərin və nəticələrin müzakirəsi və Bakı nümayəndəliyinin AzQAC-la gələcəkdə müştərək əməkdaşlığının daha da inkişaf etdirilməsi yollarında mütəmadi dəstək imkanlarını müzakirə etmək, işin gedişatı zamanında iradi və qeyri-iradi anlaşılmazlıqların və ya çatışmazlıqların aradan qaldırılması yollarını axtarmaq idi.
AzQAC Miqrasiya Şöbəsinin müdiri Məmməd Kətanov xanım Taneyə və xanım Osmanlıya rəhbəri olduğu şöbənin miqrantlarla apardığı işlər və Azərbaycan dili kursu barədə müfəssəl məlumat verdi. Sona Hacıyeva 2013-cü il Oktyabrın 1-də Cəmiyyətin prezidenti cənab Novruz Aslanovun şəxsi təşəbbüsü ilə öz rəsmi açılışını etmiş, artıq bu günlərdə özünün 5-ci dərs ilinə başlayacaq Azərbaycan dili kursunun fəaliyyəti və nəticələrindən danışdı. Müdavimlərin dərsə mütəşəkkil davamiyyəti, onların yüksək öyrənmə maraq və qabiliyyətləri və ilin sonunda göstəricilərin yüksək olması müəllimə tərəfindən diqqətə çatdırıldı. Ancaq bununla belə bəzi müdavimlərin orta məktəblərə qəbulundakı ləngimələrin səbəblərini-valideyn məsuliyyətsizliyini, maddi imkansızlığın yaratdığı davamiyyət problemlərini bir daha nəzərə çatdırdı. Məmməd Kətanov artıq başa vurulmuş 4 dərs ilinin yekununda onlara 9 aylıq dinləmələrlə bağlı Sertifikatların verilməsinə,əlavə olaraq məktəb yaşlı uşaqların bir aylıq intensiv hazırlığına və onların cavablarının orta ümumtəhsil məktəblərinin müəllim heyəti tərəfindən məmnunluqla qarşılanmasına diqqəti çəkdi. Davamiyyətdə bəzi ləngimələrin müdavimlərin nəqliyyat xərclərinin kifayət dərəcədə olmaması problemi ilə bağlı olduğunu vurğulayaraq Məmməd Kətanov qarşı tərəfə bu yöndə yardım göstərmələrini təklif etdi.
Bütün deyilənlərin davamı kimi Migena Tane görülən işlərdən razılığını bildirdi və müvafiq dəstəyin verilməsi üçün müzakirələr aparılacağını söylədi və Azərbaycan dili dərslərinin daha da müvəffəqiyyətli alınması üçün öz təkliflərini verdi. Müzakirə zamanı qərara alındı ki, miqrantların sayının və tələbatının və müəllimənin iş yükünün çox olmasını nəzərə alaraq əlavə bir Azərbaycan dili müəllimi də bu işə cəlb olunsun.
Görüş ümumilikdə çox interaktiv və məhsuldar keçdi. Hər iki tərəfin nümayəndələri gələcəkdə belə görüşlərin sayının intensiv və daha geniş spektrdə olması istəyi ilə bir-birinə qarşılıqlı minnətdarlıq bildirdilər və uğurlar arzuladılar.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından Məmməd Kətanov bir daha dəvət və fikir mübadiləsi üçün yaradılan imkana görə BMT QAK Proqram şöbəsinin rəhbəri Migena Tane və şöbənin müdir müavini Nərmin Osmanlıya Milli cəmiyyətin rəhbərliyi adından səmimi təşəkkürlərini bildirdi