AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ölkənin şəhər və rayonlarında yerli bölmələrinin işçi və könüllüləri vasitəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan “Ana və uşağın” sağlamlığına dair proqramlarına yardımçı olaraq, icmalarda geniş səhiyyə maarifi işi həyata keçirilir. Belə ki, iyul ayının 20-də AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən, rayonun Hacıqərvənd kəndində yerləşən tibb məntəqəsində qadın sağlamlığı ilə bağlı seminar təşkil olunmuşdur. Seminara 35 nəfər qadın və tibb məntəqənin əməkdaşları cəlb olunmuşlar. M.Qaraxanova seminar iştirakçılarına qadın sağlamlığı və ana südü ilə bağlı vacib olan məlumatları çatdırdı. Seminarda iştirakçılar arasında bilik səviyyəsinin öyrənilməsi məqsədilə aparılan sorğudan məlum oldu ki, qadınlar öz sağlamlıqları barədə mütəmadi olaraq məlumatları əldə edir, vaxtında müayinə olunur və yeni doğulmuş uşaqların ana südü ilə qidalanmasına üstünlük verirlər.
Seminardan sonra AzQAC Tərtər Rayon Bölməsinin sədri Etibar Heydərov və bölmənin könüllülərin iştirakı ilə kənd tibb məntəqəsinin aparıcı həkim-pediatrı Məhəbbət Həsənova ilə görüş keçirildi. Görüşdə iştirak edən M.Qaraxanova AzQAC-in icmaya əsaslanan səhiyyə sahəsində aparılan fəaliyyətlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə imzalandığı əməkdaşlıq memorandumun əsasında həyata keçirilməsi haqqında məqamları vurğulayaraq, Cəmiyyətin hal-hazırda həyata keçirdiyi fəaliyyətləri barədə geniş məlumat təqdim etdi.Məntəqənin həkimi isə seminarların kənd sakinlərinin maarifləndirilməsi üçün vacib olduğunu vurğuladı və seminarın təşkil edilməsinə görə AzQAC-in nümayyəndələrinə təşəkkürünü bildirdi. O, kənd tibb məntəqənin əhalinin sağlamlığının qorunması ilə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə də məlumatları qeyd etdi. Məhəbbət xanımın verdiyi məlumatlara əsasən kənd məntəqəsinin işçiləri kənd sakinləri arasında ev-ev gəzib, səhiyyə maarifi işini aparılmasına baxmayaraq, maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyacın olmasını vurğuladı. Buna görə o, M.Qaraxanova və E.Heydərovdan kəndlərdə nəinki səhiyyə, eləcə də digər mövzularla bağlı, xüsusi ilə, gənclər arasında təbliğat yönümlü fəaliyyətlərinin geniş şəkildə aparılmasını xahiş etdi.