Miqrantların cəmiyyətə inteqrasiyası və təhsil məsələsi daim gündəmdədir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovun şəxsi təşəbbüsü ilə miqrantlar üçün təmənnasız olaraq açılmış Azərbaycan dili kursunun müvəffəq nəticələri diqqət mərkəzindədir. Artıq 6-cı ildir ki, AzQAC Miqrasiya şöbəsinin təhsil üzrə məsul əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs mütəmadi davamiyyətlə 9 ay ərzində (bir akademik dərs ili) müddətində aparılır. İlin sonunda Respublika ümumtəhsil müəssisələrinin nəzdində yaradılmış alternativ qəbul komissiyaları tərəfindən müsabiqə yolu ilə bu müdavimlər orta məktəblərin müvafiq siniflərinə və fərdi təhsil qruplarına qəbul edilirlər. Bu prosesdə müqrantların təhsili üzrə BMT QAK koordinatoru professor Fuad Məmmədovun əməyi böyükdür.
3 oktyabr 2018-ci ildə BMT QAK-ın QQGM-də növbəti Azərbaycan dili dərsi zamanı Sona Hacıyeva, Fuad Məmmədov və dərsə yeni başlayan miqrantların görüşü oldu. Fuad müəllim ötən kursun bu il məktəbə qəbulundakı yüksək nəticələrindən məmnunluqla söhbət açdı.Müəllimə Sona Hacıyevanın gərgin əməyinə, miqrantlara hədsiz qayğısına diqqəti çəkərək söylədi ki, məktəbə hazırlığın artırılması yönümündə davam etdirilən əlavə yay kursunun da nəticəsində bu il 38 nəfər miqrant uşağı yüksək sınaq göstəricisi ilə Bakı şəhərindəki məktəblərin müvafiq siniflərinə qəbul olunmuşlar. Hətta onlardan bir neçəsi lisey və ali təhsil müəssisələrinə də qəbul olunmuşdur. Bu göstəricilər təhsil müəssisələri işçiləri və BMT QAK-ın aidiyyatı nümayəndələrinin də rəğbətinə səbəb olmuş və xüsusi vurğulanmışdır. Fuad Məmmədov müəllimə Sona Hacıyevaya dərindən minnətdarlığını bildirmiş, Aypara Cəmiyyətinin bu humanist işini bir daha miqrantlarn nəzərinə çatdırmış və onlara yaradılmış bu əvəzsiz imkandan maksimum dərəcədə yararlanmaq üçün onlara hər cür dəstək olacağını bildirmişdir.
Daha sonra kursun daha səmərəli işləməsi, daha çox miqrantın cəlb olunması, miqrantların bəzi sosial problemlərinin həll olunması məsələləri müzakirə edildi və belə görüşlərin tez-tez keçirilməsi qərara alındı.