2019-cu il 27 fevral tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində AzQAC-nin pedaqoji sahə bölməsinin təşkilatçılığı ilə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası tərəfindən “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda növbəti tədbir təşkil olundu. Tədbirin məqsədi APİ-in tələbələrinə (biologiya fakultəsi) dünyada və Azərbaycanda həyata keçirilən vərəmlə mübarizə proqramları, yeni strateji yanaşmalar və xəstəliyin tibbi-sosial yönümlü məsələləri ilə bağlı məlumatları çatdırmaq idi. Tədbirdə Pedaqoji Universitetinin AzQACnin pedaqoji sahə bölməsinin sədri, İnstitutun biologiya fakültəsi , Azərbaycan Vərəm əlehinə QHT Koalisiyanın üzvləri iştirak etmişdir. Tədbir zamanı mütəxəssislərin çıxışları və təqdimatlarla yanaşı, maarifləndirici videoçarxlar da nümayiş olunaraq, vərəm haqqında mesajlar əyani şəkildə nümayiş olunmuşdur. Çıxış edən natiqlər dünyada hələ də narahatlıq doğurmaqda davam edən vərəm xəstəliyi haqqında gənclərin məlumatlı olmasının vacibliyini vurgulamışlar.
Koalisiyanın üzvləri olan AzQAC nümayəndələri Mətanət Qaraxanova və Sona Hacıyeva gənclər arasında vərəmə dair maariflənmənin xüsusi önəmini qeyd edərək, sağlam gələcək naminə profilaktik tədbirlərin tətbiqini artırmaq üçün bir sıra tövsiyələri səsləndirdilər. Bununla yanaşı, gənclərin vərəmlə mübarizədə xüsusi rolunu vurğulayıb bu istiqamətdə bütün qurumları müştərək və fəal olmağa çağırdılar. Tələbələr tədbirə olduqca maraq göstərib moderatorlara ünvanladıqları suallarla daha ətraflı məlumat almağa çalışdılar. Bir qrup gənc isə Koalisiyanın könüllü üzvləri olmağa hazır olduqlarını bildirdilər. Sonda Koalisiyanın dəstəyi ilə vərəmlə bağlı stiqmanın qarşısının alınması məqsədilə ərsəyə gətirilən “Qışın isti nəfəsi” sosial bədii filmi nümayiş olundu. Film tələbələr tərəfindən böyük alqış və rəğbətlə qarşılandı. Onlar müasir Azərbaycan gəncliyinə xitab edən bu cür sosial maarifləndirici filmlərin daha çox çəkilməsini təklif etdilər.