Bu günkü həyatın ən önəmli və qaynar problemlərindən olan miqrasiya və miqrant həyatı yenə də qayğı və diqqət əhatəsindədir. ASAN Xidmətin xeyirxah təşəbbüslərindən biri də 12 dekabrda Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı ilə BMT Qaçqınların Hüquqlarının Müdafiəsi Ali Baş Komissarlığının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) həyata keçirildi. Bu 7-14 yaş qrupundan olan miqrant şagirdlər arasında AzQAC-ın təşəbbüsü ilə Azərbaycan dili öyrənən miqrant uşaqları arasında keçirilən “ Mənim qəhrəmanım sən ol ” və “ Mən nə istəyirəm?” mövzusunda “Asan məktub” müsabiqəsi oldu. Müsabiqə 21 əfqan və 10 çeçen şagirdin iştirakı ilə yüksək mütəşəkkilliklə başa çatdı. ASAN Xidmətin nümayəndələri Azərbaycan dili dərsində də iştirak etdilər, müəllimə Sona Hacıyevanın apardığı dərsdən, şagirdlərin ümumi dil səviyyəsindən, nitq ifadələrindən çox razı qaldılar. Şagirdlərin Azərbaycan dilində söylədikləri şerlərə, mahnılara, Azərbaycan və Aypara Cəmiyyətinin himnlərinə heyranlıqla qulaq asdılar. Xidmətin “Asan Məktub” layihəsinin əməkdaşı Roza Qocayeva AzQAC-ın bu təmənnasız yardımını yüksək qiymətləndirdi və gələcəkdə də bu uşaqlar üçün ASAN Xidmətlə belə layihələrin keçirilməsinin davamlı olması arzusunda olduqlarını bildirdi.
Müsabiqənin yekun mərhələsi fevralın 2 də baş tutdu. Hər bir uşaq üçün arzularına müvafiq hədiyyə paketləri təqdim edildi.
Sonda QQGM-nin meneceri Afət Yunusova, Azərbaycan dili müəllimi Sona Hacıyeva, Texniki assistent Vasif Məmmədov və icma Liderləri Mehriban Əhmədova və Malika Tamoyeva təşəbbüskar Qurumun rəhbəri cənab Ülvi Mehdiyevə və Milli Cəmiyyətin prezidenti, Millət vəkili cənab Novruz Aslanova təşəkkür etdilər və belə diqqətçəkən tədbirlərin miqrantların cəmiyyətə inteqrasiyasında çox əhəmiyyətli olduğunu vurğuladılar.