“Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin 25 yanvar 2019-cu il tarixli 39 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq mart ayının 6-dan etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, müxtəlif növ ağaclar əkilmişdir. Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, avtobus dayanacaqlarına və mağaza vitrinlərinə Novruzun gəlişini əks etdirən plakatlar vurulmuş, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır. Həmçinin Novruz bayramı münasibətilə Rayon İcra Hakimiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyytənin Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə 200 yaxın ailəyə bayram sovqatı paylanıldı.