Miqrasiya bu gün dünyanı düşündürən və narahat edən ən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş spektrdə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 02-də ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 6 tədris ili keçib və miqrant-müdavimlər artıq bu gün -28.06.2019-cu ildə AzQAC-ın Baş ofisində kursun 6-cı buraxılışına həsr olunmuş tədbir keçirildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə qonaqlar (BMT-nin Bakı Baş ofisinin Xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev, Dövlət Miqrasiya Xidməti İdarəsindən Siyasət və Hüquqi Təminat baş idarəsinin rəisi Kəyan Hacıyev, Hayat Humanitar dəstək İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti İdarəsi yanında İctimai Şuranın sədri Azər Allahverənov, BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Afət Yunisova, mərkəzin adminstratoru Vasif Məmmədov, Azərbaycan Vərəm Koalisiyasının sədr müavini Pərvanə Vəliyeva, Miqrantların Təhsili üzrə koordinatoru Fuad Məmmədov və başqaları) da iştirak etdikləri tədbir miqrant müdavimlərin ifasında Azərbaycan, Əfqanıstan və Pakistan respublikalarının dövlət himni ilə başladı.Tədbiri giriş sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə açaraq öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdıraraq dedi ki, artıq 6-cı ildir miqrantlar üçün müxtəlif dillərdə kursların və dərnəklərin təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırıb. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC–nin rəhbərliyinə, Azərbaycan dili müəllimi Sona Hacıyevaya təşəkkür etdi. Sonra çıxış edən qonaqlar miqrasiya məsələsinin bu gün ən aktual və önəm kəsb edən məsələ olduğunu vurğulayaraq onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladılar. Elsevər Ağayev qeyd etdi ki, miqrantlar ölkəmizdə qayğı və hörmətlə əhatə olunur. AzQAC onları daim diqqətdə saxlayır, onlara hər cür kömək göstərməyə hazırdır və bu işdə əlaqədar təşkilat və çəmiyyətlərlə də əməkdaşlıq edir. Azər Allahverənov AzQAC – nin uzun illər BMT QAK-ın Bakı nümayəndəliyi ilə olan əməkdaşlığından, BMT-nin Bakı ofisi rəhbərinin daim onlarla qarşılıqlı anlaşmada olduğundan danışaraq bu dərslərin təşkili üçün göstərdikləri köməyə görə onlara minnətdarlığını bildirdi. Daha sonra natiq bu yaxınlarda AzQAC–nin Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə bağladığı sazişdən danışaraq onun gələcəkdə miqrantlarla aparılacaq bir çox işlərdə böyük köməyi olacağını vurğuladı. Sonra BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev görülən işlərdən,bu vəzifəyə yeni başladığından və qarşılıqlı əməkdaşlığa hazır olduğundan danışaraq uğurlu gedişatdan razı qaldığını bildirdi və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdi və bu işdə Qızıl Aypara Cəmiyyətinə, kursun müəlliminə təşəkkür etdi.
6-cı buraxılış münasibəti ilə hazırlanmış sertifikatlar bir-bir qonaqlar tərəfindən müvəffəqiyyət qazanmış müdavimlərə paylandı.
Tədbiri müdavimlər Azərbaycan dilində hazırladıqları bədii təqdimatla davam etdirdilər. Təqdimatda müdavimlərin ifasında rəngarəng bayatılar, vətənə, anaya həsr olunmuş şerlər,səhnəciklər mətn parçalarında arzu və istəklərinin ifadəsi qonaqlar tərəfindən heyranlıqla qarşılandı.
Sonda valideynlər Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, layihə koordinatoru Mətanət Qaraxanovaya bu işdə göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər.
Tədbir kollektiv xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.
Tədbir çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndiliyinin başçısı Vladimir Georgiyev ilə təkbətək görüş keçirildi. Görüş zamanı AzQAC ilə BMqT arasında mövcud olan əlaqələrdən, 2012-ci ildə bu 2 qurum arasında bağlanan Anlaşma Memarandurmlarıdan, əməkdaşlığın perspektivlərindən söz açıldı. BMqT-nin əməkdaşlıq çərçivəsində AzQAC-a göstərə biləcəyi dəstək barədə, miqrantlar üçün kursların yüksək səviyyədə həyata keçirilməsi üçün görüləcək işlər və s. ətrafında fikir mübadiləsi aparıldı.
Cənab V.Georgiyev respublikamızda öz missiyasına yeni başladığından, AzQAC-da ilk dəfə olmağından, yeni insanlarla tanışlığından məmnunluğunu ifadə etdi. Gələcəkdə daha sıx, çevik əməkdaşlıq etməsinin vacibliyini vurğuladı.