Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının Cənubi Qafqaz üzrə Nümayəndəliyinin rəhbər və nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirildi. Görüşün məqsədi ölkədə və regionda mövcud vəziyyət və perspektivlər haqqında müzakirələrdən ibarət olmuşdur.
Görüşü giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov görüş iştirakçılarını Cəmiyyətin kollektivi, çoxsaylı üzvləri və könüllüləri adından salamlamışdır. Natiq hərəkat tərəfdaşlarını ölkədə və regionda olan hazırki vəziyyət haqqında məlumatlandırmışdır. AzQAC-ın mandatına və misisyasına uyğun olaraq humanitar sahədə görülən işlər, aparılan layihələr barədə ətraflı söhbət etmişdir.
Daha sonra hər üç təşkilat səviyyəsində əldə olunmuş son inkişaf və nailiyyətlər haqqında məlumatlar qarşılıqlı bölüşdürülmüşdür. Bunlara AzQAC-a yeni qoşulmuş könüllülər üçün İlk Yardım təlimi, həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında onlara İlk Yardım təliminin təşkili, Beynəlxalq Konfransa, Nümayəndələr Şurasına və Baş Assambleyaya hazırlıq işləri haqqında məlumat verilmişdir.
İştirakçılar daha sonra son Hərəkat daxili Platforma görüşündən qalan müddətdə görüləcək işlər və gözlənilən tədbirlər haqqında məlumatlandırılmışdır.
Sonda AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov bu görüşlərin nəticəsində əməkdaşlığın qurulması, fəaliyyətlərin həyata keçirilməsi və Hərəkatın Fundamental Prinsiplərinin bərqərar olunmasına şərait yaratdığını qeyd etmişdir.