Sentyabrın 30-da Pirallahı qəsəbəsində yerləşən “Ahılların Günərzi Mərkəzi”ndə Heydər Əliyev Fondunun dəstəyi və Pirallahı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Piatallahı rayon bölməsinin birgə təşkilatıçılığı ilə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi.
Əvvəlcə Heydər Əliyev Fondunun, Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin hazırladıqları bağlamalar ahıllara paylanıldı.
Pirallahı rayonunda yaşayan ahıllar, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından danışdı. “BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü kimi təsis olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərlə qeyd edilir. Məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və son 15 ildə Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır” – deyə Vasif İmanov bildirildi.
Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam etdi.