31 oktyabrda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş idarəsində Miqrasiya şöbəsinin “Sağlam düşüncə” könüllü gənclər təşkilatının üzvləri ilə əməkdaşlıq görüşü oldu. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı, miqrantlara Azərbaycan dili kursunun müəllimi Sona Hacıyeva qonaqları AzQAC-ın prezidenti, milli məclisin deputatı cənab Novruz Aslanov və iş heyəti tərəfindən salamlayaraq Cəmiyyətin yaranma tarixi, iş prinsipləri və fəaliyyət planları haqqında onlara geniş məlumat verdi. Miqrantlarla aparılan geniş miqyaslı humanist iş gənclərdə böyük maraq oyatdı.Təşkilatın sədri Əminə Abdullayeva da öz növbəsində təşkilat və görülən işlər barədə məlumat verdi.”Sağlam düşüncə” təşkilatı 2006-cı ildə Sumqayıtda yaradılmış və bu gün də cəmiyyət həyatının həssas məqamlarında ehtiyaclı insanlarla, gənclərlə müvafiq istiqamətlərdə iş aparırlar. Təşkilat əsasən 4 istiqamətdə fəaliyyət göstərir: Məktəblərdə debatların təşkili; Sağlam həyat tərzi; Ekologiya məsələləri; Beynəlxalq Gənclər mübadilə mərkəzi(ERASMOS)
Ə.Abdullayeva miqrant uşaqlarla da bəzi tədbirlər keçirmək arzusunda olduqlarını və bunun üçün miqrasiya şöbəsinin dəstəyinə ehtiyac duyduqlarını bildirdi.
Könüllü təşkilat üzvləri Nailə Ələkbərli, Orxan Bayramlı, Cavid Məmmədli, Rəsul Əlizadə və Türkiyədən gəlmiş gənc könüllü Əməl Külekçioğlu bu günkü görüşə miqrant ailələrə və ehtiyaclı olan insanlara xeyli geyim əşyaları gətirmişdilər.
Sonra növbəti görüşlər üçün müzakirələr aparıldı, Sona Hacıyeva miqrasiya şöbəsi və AzQAC rəhbərliyi adından Təşkilatın sədrinə və təşəbbüskar qrup üzvlərinə minnətdarlıq etdi və bağlamaların ehtiyaclı şəxslərə çatdırılma vaxtı onların da dəvət ediləcəyini söylədi.