2020-ci il avqustun 4-də AzQAC-ın baş ofisində katibliyin fəaliyyətinə dair növbəti görüş keçirildi. Giriş sözü ilə çıxış edən Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov katibliik tərəfindən son günlər görülən işlər və aparılan layihələr haqqında məlumat verilməsini xahiş etdi.
AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev həyata keçirilən layihələrin gedişatı haqqında ətraflı məlumat verdi. Həmçinin, yeni layihələr üçün aparılan danışıqların mahiyyətindən söz açdı. Aparılan layihələr zamanı əldə edilən uğurlardan bəhs etdi. Layihələr çərçivəsində edilən ərzaq və qeyri ərzaq yardımları haqqında məlumat verdi. AzQAC-ın 2021-2025-ci illər üçün Yeni Starteji İnkişaf Planına daxil ediləcək strateji məqsədləri görüş iştirakçılarının nəzərinə çatdırdı.
AzQAC-ın Gənclər Könüllülər şöbəsinin müdiri-İcraçı Katibin müavini Xalidə İsgəndərova USAİD və UNİCEF təşkilatlarının dəstəyi ilə aparılan layihələr haqqında ətraflı məlumat verdi. Layihə çərçivəsində aparılan sorğu və maarifləndirmə işlərindən danışdı. AzQAC katibliyinin rəhbər şəxsləri, aidiyyatı üzrə şöbə müdirləri, könüllüləri və USAİD-in Azərbaycan nümayəndəliyinin rəhbəri və məsul şəxsləri, BQXQAC Federasiyasının Cənubi Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbərinin iştirakı ilə keçirilən video konfrans haqqında məlumat verdi. Həmçinin, COVİD-19 ilə mübarizə çərçivəsində 3 video animasiyanın hazırlanmasından söz açdı.
Cəmiyyətin prezidenti AzQAC-ın artan sürətlə davam edən uğurlarının humanitar diplomatiyanın bir təzahürü olduğunu xüsusi qeyd etdi. Diplomatiyanın müsbət nəticələrinin Cəmiyyətin işində əks olunduğunu bildirdi. Pandemiya ilə mübarizədə gigyenik vasitələrdən ibarət olan dəstlərin hazırlanması üçün aidiyyatı üzrə layihə rəhbərlərinə müvafiq göstəriş verdi.
Sonda AzQAC-ın prezidenti yeni hesabatla bağlı öz təklif və tövsiyyələrini iclas iştirakçılarının nəzərinə çatdırdı.