2021-ci il fevralın 16-da AzQAC-ın baş ofisində Dağlıq Qarabağa dair Milli Cəmiyyətin Cavabvermə planı və Milli Cəmiyyətin inkişafı planı üzrə işçi qrupun növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iclas iştirakçılarını salamladı. BQXQA Hərəkatının tərkib hissələrinin nümayəndələrini yenidən bir yerdə görməyindən məmnunluq hissi duyduğunu qeyd etdi. Regionda olan mövcud vəziyyətlə bağlı bir sıra vacib addımların atılmasının vacibliyini qeyd etdi. Hərəkatın tərkib hissələrinin görüləcək bütün işlərə qoşulmaqlarının vacibliyini xüsusi olaraq vurğuladı. Bu günə kimi görülən bütün işlərə görə tərəfdaşlarımıza öz dərin təşəkkürünü bildirdi. Münasibətlərimizi 2 hissəyə bölmək olar deyən prezident, 1-ci hissənin 1993-2000-ci illəri, 2-ci hissə isə 2000-ci ildən bu günə kimi olan dövrü əhatə etdiyini söylədi. 2000-ci ilə qədər olan dövrdə Milli Cəmiyyətin gücsüz olduğunu bildirdi. Ancaq daha sonra Milli Cəmiyyətin digər Cəmiyyətlərdən və donorlardan asılı olmayan bir Cəmiyyətə çevrildiyini xüsusi olaraq vurğuladı. Hətta, AzQAC-ın artıq donor Milli Cəmiyyətlərin sırasında olduğunu bildirdi. Sözsüz ki, AzQAC-a dövlət dəstəyinin göstərilməsinin də danılmaz olduğunu bildirdi. Hələ 1993-cü ildə BQXQAC Federasiyasının humanitar yardımlarının 300000 ehtiyaclı və müharibədən zərərçəkən insanları əhatə etdiyini diqqətə çatdırdı. Artıq AzQAC-ın özünün siyasətinin və Strateji İnkişaf Planının olduğunu söylədi.
Sevilya razılaşmasına əsasən Hərəkatın 3 tərkib hissəsi öz işlərini müstəqil formada tənzimləyə bilirlər. Bununla belə, biz fəaliyyətlərimizi qarşılıqlı əməkdaşlıq çərçivəsində aparacayıq. Bütün görülən işlər barədə AzQAC-ın rəhbərliyinə məlumatların verilməsinin vacibliyini söylədi. Cəmiyyətin inkişaf planını hazırlayanların hər biriniə öz təşəkkürlərini bildirdi. BQXK və BQXQAC Fedrasiyanın AzQAC-ın ənənəvi tərəfdaşları olduqlarını bildirdi. Novruz Aslanov bu müddət ərzində münaqişədən zərərçəkən insanlara yardım edən Türk Qızıl Ayının rəhbəri Kerem Kınık başda olmaqla Cəmiyyətin bütün işçi heyətinə öz dərin minnətdarlığını bildirdi. AzQAC-ın da bu təcrübəyə ehtiyacı olduğunu bildirdi. Novruz Aslanov sonda bütün iclas iştirakçılarına görüləcək bütün işlərdə uğurlar arzuladı.
Daha sonra çıxış edən BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Olga Cumaeva iclas iştirakçılarını salamlayaraq bu görüşün təşkil olunmasının şox vacib olduğunu qeyd etdi. Sevilya razılaşmasından irəli gələn tələblərə uyğun olaraq Milli Cəmiyyətin öz cavabdehlik planını yerinə yetirməsinin önəmindən danışdı. AzQAC-ın öz mandatına və missiyasına uyğun olaraq fəaliyyət göstərdiyini xüsusi olaraq vurğuladı. Novruz Aslanovun da qeyd etdiyi kimi Hərəkatın tərkib hissələri öz fəaliyyətlərini Sevilya razılaşmasına əsasən qurmalıdırlar. Nümayəndəliyin rəhbəri Federasiya olaraq Milli Cəmiyyətə bundan sonra dəstəklərinin davam edəcəyini bildirdi.
Daha sonra çıxış edən AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev çıxışında indiyə kimi görülən işlərdən çox yaxşı nəticələr çıxardıqlarını qeyd etdi. İstər münaqişə dövründə, istərsə də münaqişədən sonra zərərçəkən, ehtiyaclı mülki əhaliyə humanitar yardımların göstərildiyini xüsusi olaraq vurğuladı. Bu müddət ərzində istər Olga Cumaeva, istərsə də BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşlıq üzrə koordinatoru Laura Sesenna ilə bir sıra məsələlərin müzakirə edildiyini bildirdi.
BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşlıq üzrə koordinatoru Laura Sesenna çıxışında Hərəkatın hər 3 tərkib hissəsinin nümayəndələrini bu iclasda görməsindən məmnun olduğunu qeyd etdi. Müharibə dövrü ərzində AzQAC-ın fövqəladə mobil könüllü dəstələrinin fəaliyyətlərini çox yüksək qiymətləndirdiyini söylədi. Könüllü dəstələrin öz işlərini yüksək səviyyədə qurduqlarını bildirdi.
Çıxışlardan sonra iclasın gündəliyinə uyğun olaraq aidiyyatı üzrə təqdimatlar edildi. Təkliflər və rəylər dinlənildi. Mövzular ətrafında müzakirələr aparıldı. Sonda müvafiq qərarlar qəbul edildi.