Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Azərbaycanda rəsmi səfərdədir.
Bakıda rəsmi səfərdə olan Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Gilles Carbonnier Azərbaycan Qızıl Aypara Cəmiyyətini ziyarət edib. Görüş 2021-ci il oktyabrın 18-də AzQAC-ın baş ofisində baş tutmuşdur. Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Gilles Carbonnierin AzQAC-ın ofisini ziyarət etməsindən məmnunluq hissi duyduğunu bildirdi. Hər iki qurum arasında humanitar sahədəki əməkdaşlıq əlaqələrinin I Qarabağ müharibəsindən bu günə kimi davam etdiyini söyləyən natiq, həmçinin, o çətin, ağrılı dövrdə BQXK-nın humanitar sahədəki böyük dəstəyinin olduğunu bildirdi.
BQXK ilə birlikdə daha öncə də həyata keçirilən uğurlu layihələr barədə məlumatı iştirakçıların diqqətinə çatdırdı. Belə layihələrdən Anti-mortem layihəsini, AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstələrinin yaradılmasını və onlara tam dəstəyin verilməsi, eləcə də, İqtisadi Təhlükəsizlik layihəsini misal kimi göstərdi.
44 günlük müharibə zamanı dağıdılmış ərazilərin bərpa edildikdən sonra həmin ərazilərə insanların köçürülməsinin vacib olduğunu diqqətə çatdırdı. Həmin ərazilərin yenidən yaşayış üçün bərpa edilməsinin insanlıq üçün çox vacib məsələ olduğunu söylədi. Bu sahədə dövlətin dəstəyinin, diqqət və qayğısnın danılmaz olduğunu xüsusi olaraq qeyd etdi. Müharibədən zərər görmüş ərazilərə humanitar yardımlar edərkən Milli Cəmiyyətin humanitar bir təşkilat olaraq rolunu müəyyənləşdirməyin vacibliyini xüsusi olaraq vurğuladı.
BQXK-nın vitse-prezidenti Gilles çıxışı zamanı AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova bu görüşün baş tutmasından məmnunluq hissi duyduğunu bildirdi. O, çıxışında vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq ümümi maraq dairəsində olan məsələlərin müzakirə olunmasının xoş olduğunu söylədi. 44 günlük müharibə zamanı AzQAC ilə BQXK-nın birlikdə çalışaraq zərəçəkmiş insanlara humanitar yardımların çatdırılmasını təmin edə bildiklərini xüsusi olaraq vurğuladı. Milli Cəmiyyət ilə sıx əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyinə inandığını bildirdi. Başlıca sahələrin içərisində itkin düşmüş şəxslərin axtarılması işinin lazımlı və vacib olduğunu söylədi. Bununla yanaşı, ilk tibbi yardım və psixososial dəstəyə daha çox ehtiyac duyulduğunu bildirdi, bu sahədə işlərin davam etdiriləcəyini vurğuladı.
Daha sonra geniş fikir mübadiləsi aparıldı. Rəylər və təkliflər dinlənildi, müvafiq qərarlar qəbul edildi.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edildi.