Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) USAID OFDA və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) maliyyə və texniki ekspert dəstəyi ilə 2019-cu ildə başladığı “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə davamlılığının gücləndirilməsi” layihəsinin növbəti mərhələsinə start verib. 2020-ci ilin oktyabrında başlayan layihə 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.
Layihənin ümumi məqsədi təbii fəlakətlərin və fövqəladə halların sağlamlığa mənfi təsirlərini azaltmaq üçün yerli icmaların davamlılığını artırmaqdır. Layihədə əsas diqqət pandemiyaya hazırlıq, epidemiyaya qarşı mübarizə, su, sanitariya və gigiyena (WASH), kütləvi tələfat hadisələrinə reaksiya, ilk yardım, təbii fəlakətlər zamanı psixososial dəstəyə yönəldilib. Nəticə etibarilə, yeni dövrdə AzQAC-nin 90 yerli bölmə işçisi və könüllüləri, o cümlədən 240 yerli icma könüllüsü (51% kişi və 49% qadın) öz icmalarında fəlakətlərin və böhranların sağlamlıqla bağlı nəticələrinə hazırlaşmaq və onlara cavab vermək üçün yeni dövrdə təlim keçəcəklər. Öz növbəsində təlim keçmiş könüllülər seçilmiş icmalarda 180 000 insanı əhatə edəcəklər. Həmçinin, layihəyə bir sıra məlumat maarifləndirici materialların verilməsi, gigiyenik bağlamaların alınması və könüllülərin FA alətləri ilə təchiz edilməsi daxildir.
Coğrafi baxımdan layihə aşağıdakı 12 rayonda (bundan 8-i ötən il 2019-2020-ci illərdə əhatə olunub): Sabirabad, İmişli, Gəncə, Ağdaş, Mingəçevir, Şəki, Qax, Lənkəran, Astara, İsmayıllı, Qusar və Sumqayıtda həyata keçiriləcək.
Layihənin yeni mərhələsi münaqişələrin eskalasiyası, COVID-19 pandemiyasının davam etməsi ilə üst-üstə düşür, beləliklə, icmaların böhranlara tab gətirməyə hazır olması və fövqəladə hallarda sağlamlığın daha effektiv idarə olunması üçün lazımi tədbirlərin görülməsi üçün daha yaxşı hazırlanmasının böyük zərurət olduğunu bir daha sübut etdi. İcma üzvləri icma könüllüləri tərəfindən yayılan əsas sağlamlıq mesajları vasitəsilə müxtəlif sağlamlıq mövzuları və sağlamlığın qarşısının alınması tədbirləri ilə bağlı məlumatlılıq və təcrübələrini artıracaqlar.
Layihə icmaların gücləndirilməsi ilə yanaşı, Milli Cəmiyyətin əməkdaşlarının və könüllülərin potensialının, biliklərinin artırılmasına və Azərbaycanda icmalarla işləmək üçün əlavə vasitələrin öyrənilməsinə və onların fövqəladə sağlamlıq vəziyyətlərində güclü olmalarına dəstək verir.
Bundan əlavə, layihə dövlət və qeyri-dövlət aktorlarını bir araya gətirəcək, sektorlararası koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsinə dəstək verəcək. AzQAC illərdir ki, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə İslahatlar Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, BMT agentlikləri (ÜST, UNİCEF) və həmçinin Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində əməkdaşlığı davam etdirir və gücləndirir. Beləliklə, qurulmuş əməkdaşlıq fikir və təcrübə mübadiləsinə, vəziyyəti təhlil etməyə və kəsişən fəaliyyətləri planlaşdırmağa kömək edəcəkdir.
Xatırladaq ki, 2019-2020-ci illərdə AzQAC 8 rayonda layihə həyata keçirib. Nəticədə 64 yerli bölmələrin işçiləri və könüllüləri, habelə 160 yerli icma könüllüləri fəlakətlərin və böhranların sağlamlıqla bağlı nəticələrinə cavab vermək üçün onların hazırlığını artırmaq üçün məqsədyönlü təlimlər və bacarıqların artırılması fəaliyyətləri ilə əhatə olunub. 35 yerli icmanı təmsil edən 30,123 icma üzvünə birbaşa, 133,280 nəfər isə dolayı yolla COVID-19, Psixoloji İlk Yardım (PFA), Su, Sanitariya və Gigiyena təşviqi (WASH) və İlk Yardım (FA) və Kütləvi Zərərlərin İdarə Edilməsi ilə bağlı mesajlar əldə edilib.
Fürsətdən istifadə edərək, Milli Cəmiyyət bu layihənin təşəbbüskarı olan, dəstək və əməkdaşlığa görə USAID OFDA, IFRC, dövlət və qeyri-dövlət tərəfdaşlarına minnətdarlığını bildirir