2015-ci il Noyabr ayının 16-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında 2011-2015-ci illər üçün mövcud olan Strateji Planın həyata keçirilməsi üzrə hesabatın hazırlanması və 2016-2020-ci illəri əhatə edəcək yeni Strateji İnkişaf Planının tərtib olunması məqsədilə yaradılmış Komissiyanın sayca dördüncü-sonuncu iclası keçirildi.
AzQAC-ın vitse-prezidenti, Komissiyanın sədri Qafar Əsgərzadə açılış nitqi ilə iclası açıq elan etdi. Natiq ilk olaraq bütün Komissiya üzvlərini salamladı. Daha sonra isə yeni Strateji Planın (2016-2020) tərtib olunması üçün bu günə qədər görülən işlərdən, həyata keçirilən fəaliyyətlərdən danışdı, bu işdə əməyi keçənlərin hər birinə öz dərin minnətdarlığını bildirdi, öz tövsiyyələrini verdi.
Komissiyanın məsul katibi Yaqut Hüseynovanın təqdimatı ilə öncə 2011-2015-ci illərdə həyata keçirilən fəaliyyətlərin hesabatına bir daha nəzər salındı, daha sonra isə yeni Strateji Planın (2016-2020) ilkin layihəsinə baxıldı və bu barədə müzakirələr aparıldı. Müzakirələrdə Baş Katib Bayram Vəliyev, Baş Katibin müavini Səbinə xanım Məhbubi-İran, Baş Katibin müavini Ceyhun Mirzəyev, AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, AzQAC-ın Miqarsiya şöbəsinin müdiri Məmməd Kətanov, Sumqayıt ŞB-in sədri Mətanət xanım Məhərrəmova, AzQAC-ın Regional Mərkəz və Rayon bölmələri ilə iş şöbəsinin müdiri Ağayar Hüseynov, BQXK və AzQAC arasındakı əməkdaşlıq üzrə məsul nümayəndə Rasim Əlləzov və başqaları çıxış edərək öz fikirlərini söylədilər.
Sonda Starteji Planın son variantının işlənilib, AzQAC Rəyasət Heyətinin iclasına təqdim olunması qərara alındı.