2021-ci il noyabrın 22-də AzQAC-ın baş ofisində baş tutan görüşü giriş sözü ilə açan Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə Beynəlxalq Federasiya nümayəndələrinin Azərbaycana gəlməsindən məmnunluq hissi duyduğunu söylədi. 1993-cü ildə ilk dəfə Azərbaycanda ofisini açan Beynəlxalq Federasiya birinci Qarabağ müharibəsi zamanı müharibədən zərərçəkən insanlara yardımların göstərilməsində yaxından köməklik göstərdiyini söylədi. Daha sonra ofisin bağlanmasına baxmayaraq yenidən bu il Federasiyanın ofisinin Bakıda fəaliyyətə başlamasından məmnun olduğunu bildirdi. Bundan sonra da humanitar sahədə birgə fəaliyyətlərin davam edəcəyini qonaqların nəzərinə çatdırdı. İllər ərzində Beynəlxalq Federasiya ilə sıx əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə malik AzQAC-ın strateji inkişaf planına uyğun olaraq qarşılıqlı əməkdaşlığın və gələcək perspektivlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Davron Məhəmmədiyevə yeni missiyasında uğurlar arzuladı.
Daha sonra çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Məhəmmədiyev Azərbaycanda və AzQAC-ın baş ofisində olmaqdan məmnun olduğunu bildirdi. Yeni ofisin açılmasının gələcəkdə həyata keçiriləcək layihələrə dəstək olacağını bildirdi.
Görüşdə iştirak edən BQX/QAC Federasiyasının Avropa regionu üzrə direktor müavini Elxan Rəhimov iki təşkilat arasında əməkdaşlığa dair aparılan müzakirələdə iştirak etdi. O, öz təklif , rəylərini bildirdi və Beynəlxalq Federasiyanın Baş Katibi Jagan Chapagainin Azərbaycana rəsmi səfərə gəlməsi ilə bağlı təşkilatı məsələlər, eləcə də, gələcəkdə Azərbaycanda Beynəlxalq Federasiya tərəfindən həyata keçiriləcək layihələrdən söz açdı.
Daha sonra tərəfləri maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı.