Forumu giriş sözü ilə açan AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev Forum iştirakçılarını salamladı. Forumun önəmindən bəhs etdi. Milli Cəmiyyətin strateji inkişaf planından danışdı. İstər AzQAC-ın işçi heyətinin, istərsə də könüllülərinin həm pandemiya həm də 44 günlük müharibə dövründə çox fəal olduğunu qeyd etdi. Forumun AzQAC-ın şəhər və rayon bölmələrinin inkişafına mühüm töhfə verəcəyini söylədi. Həmçinin, Cəmiyyətin zəif tərəflərinin müəyyənləşdirilərək gücləndirilməsinin vacib olduğunu xüsusi olaraq vurğuladı.
Daha sonra çıxış edən BQX/QAC Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Davron Məhəmmədiyev Beynəlxalq Federasiya ilə Milli Cəmiyyət arasında güclü əməkdaşlıq əlaqələrinin olduğundan bəhs etdi. Məqsədlərimizin həyata keçirilməsi üçün vaxta ehtiyac olduğunu söylədi. Beynəlxalq Federasiyanın güclü komandasının olduğunu xüsusi vurğuladı. BQXK-nın Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşlıq şöbəsinin nümayəndəsi Rasim Allazov çıxışında BQXK-nın AzQAC ilə uzun illərdir ki, əməkdaşlıq etdiyindən bəhs etdi. Bu illər ərzində humanitar sahədə birlikdə fəaliyyətlərin təşkil edildiyini bildirdi. Fövqəladə Mobil Könüllü Dəstələrin yaradılmasının önəmindən və əldə edilən uğurlardan söhbət açdı. Humanitar sahədə dayanıqlı və davamlı inkişafa nail olmaq üçün Hərəkatın 3 tərkib hissəsinin birgə fəaliyyət göstərdiyini söylədi. Daha sonra AzQAC-ın Strateji İnkişaf Planı gözdən keçirildi. Bölmələrin inkişafının müxtəlif aspektləri ilə bağlı nəzəriyyələr haqqında məlumat verildi. Həmçinin, kommunikasiya və təbliğat sahəsində də geniş təqdimat edildi. Qrup məşğələləri təşkil edildi. Bölmələrin ehtiyacları müəyyənləşdirildi. Həlli yolları müzakirə edildi. Təklif və rəylər dinlənildi.