Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Cəmiyyətimiz hər il olduğu kimi, bu il də 1 dekabr AİDS-lə mübarizə günü, 3 dekabr Beynəlxalq Əlillər günü, 5 dekabr Beynəlxalq Könüllülər günü ilə əlaqədar bir sıra silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutub. Artıq 25 noyabr tarixindən buna start verildi.
Belə ki, 25 noyabr 2015-ci ildə Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və Könüllülər şöbəsi və Sabunçu rayon bölməsinin təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Gənc əlillərin Əmək və İstirahət evində tədbir keçirildi. Qeyd edək ki, Gənclər evində qüsurlu gənclər müxtəlif peşələrə yiyələnirlər, o cümlədən də, bərbərlik peşəsinə. Bu məqsədlə, türk saç ustası Rəcəb könüllü olaraq orda yaşayan əlil gənc qızlara həm öz peşəkar sənəti haqqında məlumat verdi və təcrübəsini bölüşüb gənc qızların saç düzümlərində dəyişiklik etdi. Eyni zamanda, həmin gənclərlə Gənclər və Könüllülər şöbəsi tərəfindən 1 dekabr AİDS-lə mübarizə günü münasibətilə maarifləndirmə işləri aparıldı ki, bu da onların gələcəkdə yiyələnəcəkləri peşədə sanitar-gigiyenik qaydalara riayət etmələrindən ötrü mühüm bir məsələdir. Daha sonra gənclərin gördükləri əl işləri ilə tanış olduq. Bura onların ressamlıq, toxuculuq, tikiş, taxta üstə oyma və s. qabiliyyətləri daxildir.
Sonda Gənc əlillərin Əmək və İstirahət evinin rəhbərliyi Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə keçirdikləri bu fərqli tədbir üçün öz təşəkkürünü bildirdi.