Bu il Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətlərinin 30 illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycandakı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarını Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq təbrik edirik. AzQAC və BQXK bu illər ərzində bir çox layihələrdə birlikdə iştirak edib və qarşılıqlı əməkdaşlıq həyata keçirib. Tədbirdə BQXK-nin on illiklər ərzində səhiyyə, saxlanılmış şəxslər, su və yaşam, itkin düşmüş şəxslər, risklər haqqında maarifləndirmə, təhsilin əlçatanlılığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq sahəsindəki fəaliyyətləri əks olunmuşdur.
BQXK-nın 30 illiyi münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, icraçı katib Ceyhun Mirzəyev, icraçı katibin müavini Şaban Şayev, Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, könüllülər və Türk Kızılayın Azərbaycandakı nümayəndəsi Semih Paslı iştirak edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov öz çıxışında bu illər ərzində BQXK-nin Azərbaycandakı fəaliyyətlərini və BQXK-nin AzQAC ilə olan qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd etdi. Novruz Aslanov daha sonra qeyd edib ki, BQXK və AzQAC arasında mütəmadi olaraq birlikdə layihələrin həyata keçirilməsi, cəbhəyanı bölgələrdə layihələrin aparılması və qiymətləndirilməsi, mütəmadi olaraq işçi qrupu və rəhbərlik səviyyəsində sıx-sıx görüşlərin keçirilməsi və hesabatların hazırlanması bunun bariz nümunəsidir. Çıxışın davamında Novruz Aslanov humanitar sahədə bu əməkdaşlığın gələcəkdə daha da yüksək səviyyədə davam edəcəyini bildirdi.
Bir daha BQXK-ni 30 illik münasibətilə təbrik edirik!