1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində, V.Mustafazadə adına Mədəniyyət Mərkəzində və 4 nömrəli UGİM-də bayram tədbirləri keçirilmişdir.
4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə Bakı şəhəri Üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Pirallahı RİH Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, uşaq bağçaları-körpələr evindən uşaqlar və məktəblərdən şagirdlər iştirak etdilər.
İlk öncə tədbirdə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmiş, uşaqların ifasında rəqs nümunələri və vətənpərvərlik mövzusuna aid mahnılar ifa olunmuşdur. 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən uşaqlara hədiyyələr paylanılmışdır.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov bu əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bildirmişdir ki, “Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığı illər ərzində Heydər Əliyev həmişə uşaqlara qarşı böyük məhəbbəti və sonsuz diqqəti ilə seçilib. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə görməsi, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ümummilli liderimizin daimi qayğısı olub. Bir çox uşaq sağlamlıq mərkəzləri, idman kompleksləri, eləcə də təhsil müəssisələri məhz onun rəhbərliyi illərində, bilavasitə şəxsi tövsiyə və göstərişləri əsasında yaradılaraq uşaqların istifadəsinə verilib. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan körpələri millət atası Heydər Əliyevlə görüşdən həmişə böyük yüksəkliyi tapıb, onun arzuladığı kimi böyüməyə çalışıb.Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaq hüquqlarının qorunmasına böyük önəm verirlər”.