Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib. Məşqə Sumqayıt Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin əməkdaşları, müəssisənin rəhbər və işçi heyəti cəlb edilib. Məşqdən əvvəl FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir. Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Həmçinin, işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət təşkil edilib. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.