Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam etdirirlər. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirinin əsas məqsədi FMKD könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirməkdir. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək üçün daha çox şans verir.
16 sentyabr tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər evində Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri tərəfindən Mobil İlk Yardım Postu tədbiri təşkil edildi. Sumqayıt şəhər bölməsinin təlimatçısı Lalə Cəlilzadə açılış nitqindən sonra Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən Sumqayıt şəhər bölməsinin fəaliyyəti haqqında qısa məlumat verdi. Daha sonra gənclərə ilk yardımın əsasları baradə məlumat verildi. FMKD üzvləri iştirakçılara huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verdilər və praktiki məşğələlər nümayiş etdirdilər.