27-29 sentyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Cəbrayıl rayon bölməsinə yeni qoşulmuş könüllülər üçün “İlk Yardımın Əsasları” təlimi keçirilib. İlk yardımın məqsədi zərərçəkmiş insanın həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülməsindən ibarətdir.
Təlim zamanı iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verilib. Nəzəri biliklərlə yanaşı könüllülər eyni zamanda kurs zamanı praktiki nümayişlər də göstəriblər.
Təlim AzQAC-ın ilk yardım üzrə məsul əməkdaşı İlkinə Ağayeva, Füzuli rayon bölməsinin fəal könüllüləri və ilk yardım üzrə təlimçiləri Xəyyam Məmmədov və Azər Tahirovun təşkilatçılığı ilə həyata keçirilib. Təlimdə Cəbrayıl rayon bölməsinin sədri Bəhruz Məmmədov da iştirak edib.
Təlimin sonunda iştirakçılar müxtəlif ssenarili simulyasiya məşğələsində iştirak ediblər. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.