Hər il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 10 oktyabr tarixini Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edir. Dünyada bu günün qeyd olunması 1992-ci ildə Beynəlxalq Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə başlamışdır. Hər il ÜST psixi sağlamlıqla əlaqədar müxtəlif mövzulara həsr edilən geniş maarifləndirici tədbirlərin həyata keçirilməsini tövsiyyə edir. Belə ki, 2022-ci ildə Ümumdünya Psixi Sağlamlıq günü “Psixi sağlamlıq və rifahı hamı üçün qlobal prioritet edək” şüarı altında keçirilir.
ÜST tərəfindən pandemiyanın psixi sağlamlığımıza zərər vurduğu və vurmağa davam etdiyi üçün 2022-ci ildə Ümumdünya Psixi Sağlamlıq Günündə yenidən əlaqə qurmaq, psixi sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçün səylərimizi yeniləmək imkanının verilməsi qeyd edilir. Belə ki, ÜST-nin 2022-ci ilin iyun ayında dərc edilmiş Ümumdünya Psixi Sağlamlıq hesabatı göstərdi ki, 2019-cu ildə psixi pozğunluqla yaşayan bir milyard insanın, əmək qabiliyyətli yaşda olan yetkinlərin 15%-nin psixi pozuntusu var. ÜST-nin 2013-2030-cu illər üçün Psixi Sağlamlıq üzrə Kompleks Fəaliyyət Planında və Dayanıqlı İnkişaf Məqsədlərində müəyyən edilmiş qlobal hədəflərə nail olmaq üçün psixi sağlamlığı inkişaf etdirmək və qorumaq, ehtiyacı olanları təmin etmək və onlara qayğı göstərmək üçün münasibətimizi, hərəkətlərimizi və yanaşmaları dəyişdirmək kimi tövsiyyələr yer alır.
Hər il olduğu kimi, AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində icmalarda Ümumdünya Psixi Sağlamlıq Günü ilə bağlı seminar, görüşlər həyata keçirilir. Belə ki, Cəmiyyətin təlimçisi Mətanət Qaraxanova tərəfindən AzQAC-ın baş ofisində azərbaycan dili kursunun iştirakçıları olan miqrantlara seminar keçirilmişdir. İlk olaraq, seminar iştirakçılarına Ümumdünya Psixi Sağlamlıq Günün qeyd olunmasının məqsədi açıqlanmışdır.
Mətanət Qaraxanova ÜST-n psixi sağlamlıq anlayışını, psixi sağlamlığına təsir edən amillər barədə geniş məlumatlar vermişdir. Psixi sağlamlığın qorunması və gücləndirilməsi üçün ÜST tərəfindən tövsiyyə edilən komleks addımlar seminar iştirakçılarına təqdim edilmişdir. Bu addımlara daxildir: erkən yaş dövründə olunan tədbirlər, uşaqlara dəstək, qadınlara sosial-ekonomik imkanları təqdim etmək, ahıllara sosial dəstək, həssas qruplardan olan insanlara yönəldilən proqramlar, məktəblərdə psixi sağlamlığın gücləndirilməsinə dair tədbirlər, iş yerlərində psixi sağlamlığın gücləndirilməsinə dair tədbirlər, zorakılıq halları ilə mübarizəyə yönəldilən proqramlar, yoxsulluğun azaldılması, diskriminasiya və stiqmaya (təcrid olunma və damğalanma) qarşı qanun və tədbirlərin hazırlanması və həyata keçirilməsidir. İştirak edən miqrantlara yaşadıqları çətin vəziyyətlərlə bağlı məqamlarda stress və onun əlamətləri, stresi aradan qaldırmaq üçün tövsiyyələr səsləndirilmişdir. Digər seminar tibb işçiləri üçün təşkil olunmuşdur.