26-28 oktyabr, 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının 7-ci regional “Fandreyzinq və Kommunikasiya” tədbiri baş tutub.
Qeyd edək ki, Azərbaycanla yanaşı həmin tədbirdə: Avstriya, Bəhreyn, Belarusiya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Danimarka, Efiopiya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İraq, İrlandiya, Qazaxıstan, Keniya, Qırğızıstan, Litva, Lüksemburq, Meksika, Monako, Monteneqro, Şimali Makedoniya, Norveç, Hollandiya, Polşa, Portuqaliya, Qətər, Ruminiya, Rusiya, Səudiyyə Ərəbistanı, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Böyük Britaniya, ABŞ və Özbəkistan kimi ölkələrin Milli Cəmiyyətləri və təmsilçiləri də iştirak ediblər. Həmçinin tədbirdə “Meta”, “Twitter”, Beynəlxalq Qızıl Xaç Komitəsi, “WWF International”, “Salesforce”, “Euronews” və digər təşkilatlar iştirak edib.
Beynəlxalq Fandreyzinq və Kommunikasiya “Skillshare” tədbiri BQX/QACF-sı tərəfindən 2014-cü ildən etibarən həyata keçirilir. Üç gün davam edən, BQX/QAFC və Türk Kızılayı tərəfindən təşkil olunan hazırki “Skillshare 2022” tədbirinin əsas məqsədi hərtərəfli fandreyzinq və kommunikasiya potensialının inkişafı proqramının təqdim edilməsi, Milli Cəmiyyətlər arasında ən faydalı təcrübələrin bölüşdürülməsi və ələqələrin gücləndirilməsidir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bu tədbirdə Kommunikasiya sahəsi üzrə Vüsal Səfərli, Fandreyzinq sahəsi üzrə isə Teymur Kuseba və Nuranə Həsənova iştirak edib. AzQAC təmsilciləri tədbir boyunca digər Milli Cəmiyyət təmsilçiləri ilə sahələrə uyğun olaraq geniş əlaqələr yaratmış, gördükləri işləri nümayiş etdirmiş və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafı üçün danışıqlar aparmışdır.