18 noyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsi tərəfindən “Mərhəmətli olmağa tələsin” adlı xeyriyyə aksiyası keçirilib. Aksiyanın məqsədi valideyn himayəsindən məhrum olan uşaqları qış geyimləri ilə təmin etməkdir. Bu aksiya artıq 13 ildir ki, AzQAC-ın Sumqayıt şəhər bölməsi tərəfindən həyata keçirilir və artıq ənənə halını almışdır. Son iki ildir ki, bu aksiyadan faydalanan uşaqların böyük hissəsi 2020-ci ilin Qarabağ müharibəsinin şəhid və qazi övladlarıdır.
Sumqayıt şəhər bölməsinin ənənəvi xeyriyyəçiləri “SOCAR Polymer” MMC, Paşa Həyat Sığorta”, SOCAR-ın Karbamid zavodu, Sumqayıt Tibb Mərkəzi və Unikal Klinikasının kollektivləri tərəfindən ianə edilən qış geyimləri ilə balalarımızın qəlbləri sevindirilib. Tədbirdə Abşeron-Xızı Regional Təhsil idarəsinin əməkdaşları Cəmilə Fəyyaz, Sumqayıt sektorunun məsləhətçisi Günel Zeynalova, “SOCAR Polymer” MMC-nin əməkdaşı Orxan Xəlilov, Paşa Həyat ASC-nin məsul işcisi Məryamxanım Abbasəliyeva, SOCAR-ın Karbomid zavodunun əməkdaşı Qurban Əhmədov iştirak edirdi.
Xeyriyyə aksiyasında AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə hər zaman dəstək olan “SOCAR Polymer” MMC, Paşa Həyat ASC, SOCAR-ın Karbamid zavodu, Unikal Klinikası və Sumqayıt Tibb Mərkəzinin kollektivlərinə öz minnətdarlığını bildirib və təşəkkürnamələr təqdim edib. Daha sonra siyahı əsasında hazırlanan geyim əşyaları uşaqlara təqdim olunub.
Şəhid yoldaşları və digər iştirakçılar göstərilən diqqət ücün təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Ümumilikdə bu aksiyadan 170 uşaq yararlanıb.