20 noyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Azərbaycan dili kursunun 35 miqrant şagirdi valideynləri ilə birgə Dünya Uşaq Günü münasibətilə Respublika Uşaq Fondu tərəfindən təşkil edilmiş əyləncəli xeyriyyə konsertində iştirak ediblər. “Renesans” uşaq xorunun ifasında səslənən mahnılar uşaqlar və gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Konsertin sonunda Respublika Uşaq Fondunun sədr müavini Zəhra Bədəlbəyli Fondun sədri Arif Hüseynovun salamlarını iştirakçılara çatdırıb, təşkilat və görülən işlər barədə məlumat verib, onlarla müştərək fəaliyyətdə olan icma və cəmiyyətlərə, o cümlədən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təşəkkür edərək bu gün də Milli Cəmiyyətin həyatın həssas məqamlarında ehtiyaclı insanlarla, gənclər və uşaqlarla müvafiq istiqamətlərdə iş apardıqlarını söyləyib. Konsertin təşkilində böyük əməyi keçən CARE Group şirkətinin nümayəndələri Fidan Abdullayeva və Elnarə Şahbazzadə miqrant uşaqlarla gələcəkdə psixo-sosial yönümlü təlimlər və başqa tədbirlər keçirmək arzusunda olduqlarını və bunun üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyinə ehtiyac duyduqlarını bildiriblər.
Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı, Azərbaycan dili müəlliməsi Sona Hacıyeva AzQAC-ın rəhbərliyi və miqrasiya şöbəsinin adından Fondun sədrinə, təşəbbüskar qrup üzvlərinə minnətdarlıq edib, belə tədbirlərin miqrant uşaqları və ailələrinin cəmiyyətə daha tez və lazımı inteqrasiyasında mühüm rol oynadığını bildirib.
Sonda uşaqlara rəngbərəng şarlar və Uşaq Fondunun dəstəyi ilə nəşr edilmiş balaca yazarların nağıl kitabları paylanılıb.
Miqrantlar da öz növbələrində bu tədbirə dəvət edildiklərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, o cümlədən AzQAC-ın icraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İskəndərovaya, müəllimə Sona Hacıyevaya minnətdarlıqlarını bildiriblər.