2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə 2 fevral tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Pirallahı rayon bölməsi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Jalə Əhmədova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər və ikinci Qarabağ müharibəsinin iştirakçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Jalə Əhmədova gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Günün önəmindən bəhs edən Jalə xanım Əhmədova dövlətin gənclər sahəsində yeritdiyi siyasətin nəticəsi və uğurlarından bəhs edib.
AzQAC-ın Pirallahı rayon bölməsinin könüllüsü Fidan Cavadova tədbir zamanı çıxış edərək bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Dövlətin gənclər üçün yaratdığı geniş imkanların nəticəsi olaraq Azərbaycan gəncləri təhsil, idman, incəsənət, musiqi və digər sahələrdə böyük uğurlara imza ataraq ölkəmizi layiqli təmsil edirlər.
Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov gəncləri təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərdən, Azərbaycan gəncliyinin inkişafından bəhs edib.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatı tərəfindən Fəxri fərmanlarla təltif olunublar.