Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyəsinə əsasən mütəmadi könüllü və təmənnasız verilən qan təhlükəsiz sayılır. Bunu əsas tutaraq, AzQAC ölkədə mütəmadi könüllü təmənnasız qan donorluğunun inkişafında fəal iştirak edən təşkilatlardan biridir.
Bugün Azərbaycanda qan donorluğu ilə bağlı təcrübə onu göstərir ki, könüllü təmənnasız qan verən gənclər daha çox təşkil olunan qanvermə aksiyalarında fəal iştirak edir. Lakin elə gənclər var ki, onlar qanvermə aksiyasını gözləmir, hər 3 – 4 aydan bir qana ehtiyacı olan insanları düşünərək, Mərkəzi Qan Bankına gedir və qan verirlər. Belə ki,15 dekabr 2015-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşəbbüsü ilə yaradılan könüllü qan donorlar klubu “Qrup 25 Bakı”nın bir neçə mütəmadi qan donoru ənənəvi qaydada Mərkəzi Qan Bankında qan verdilər. Bu insanlar illərdən bəri heç tanımadıqları, lakin adlarını əzbər bildikləri qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün təmənnasız qan verməyə yenə də tələsirdilər.
“Qrup 25- Bakı”nın üzvü olan mütəmadi könüllü qan donorlarından biri də elə AzQAC-ın İcraçı Katibi Bayram Vəliyevdir. O, 2010-cu ildən bu günədək qan xəstəliyindən əziyyət çəkən bir uşağa 17-ci dəfədir ki könüllü qan verir (ildə 3 dəfə olmaqla). Hazırda onu narahat edən bir məsələ var. O, tezliklə xarici ölkədə öz humanitar fəaliyyətlərini davam etdirməyi planlaşdırır. Deməli O, öz yerinə “Qrup 25 Bakı”-ya yeni bir üzv gətirməlidir ki, bu mütəmadi könüllü qan donoru da həmin uşağa ildə 3 (minimum 2) dəfə qan verməlidir. Budur, Bayram Vəliyev bu könüllü missiyanı təqdim etməyə özünün yaxın qohumlarından birini seçmişdir. Belə ki, yeni təmənnasız qan donorumuz, yəni yeni qəhrəmanımız 26 yaşlı Bakı sakini Şahin Bağırovdur. Ona bu könüllü və şərəfli missiyada uğurlar arzulayırıq. Həmin gündə digər AzQAC-in mütəmadi könüllü qan donoru MədaimRəhimli idir.
Onuda qeyd etmək lazımdır ki, AzQAC-in nəinki gəncləri, digər əməkdaşları, Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslznov, rayon bölmələrinin əməkdaşları və könüllüləri mütəmadi olaraq qan verir həyatları xilas edirlər.Bu xeyirxah addımlarına görə onlara dərin minnətdarlığımızı bildiririk