2023-cü il mayın 8-i, Bakı şəhərində “Ramada Hotel “də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF), Beynəlxalq Qızıl Xaç Komitəsi(BQXK) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə AzQAC-ın fəxri üzvü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara gününün 160 illiyi və 12 may – Ümumdünya Tibb Bacıları Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirin əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara hərəkatının əhəmiyyəti və humanitar missiyalar zamanı bu hərəkatın rolunu vurğulamaq, o cümlədən, səhiyyə xidmətlərində önəmli rola sahib olan tibb bacısı peşəsi və bu peşənin humanitar missiyalarda nə qədər vacib olmasına diqqət çəkmək, eləcə də H.Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafındakı xüsusi xidmətlərini və Humanitar Diplomatiya sahəsində olan işləri haqqında tədbir iştirakçılarının nəzərinə çatdırmaqdan ibarət idi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, keçirilən tədbirin əhəmiyyətindən, Ulu öndərin AzQAC-ın inkişafındakı rolunu, tibb bacılarının Cəmiyyətdəki fəaliyyətini xüsusi vurğuladı. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı başçısı xanım Draqana Koiç və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı açılışda çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi Sevgi Turan “Ümumdünya Səhiyyə Təşkilatının tibb bacısı və mamalığın gücləndirilməsi üzrə fəaliyyətləri”, AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü”, AzQAC könüllüsü, tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova “Tibb bacısı peşəsinin humanitar yardımlarda rolu” mövzusunda və “Florence Nightingale” medalı haqqında təqdimatlar etdilər.
“Florence Nightingale” medalına layiq görülmüş tibb bacısı Firuzə Əliyeva keçdiyi həyat yolundan, hərəkatdakı fəaliyyətindən bəhs etmişdir.
Tədbir QX və QA hərəkatına, eləcə də, səhiyyə xidmətlərinə böyük töhfələr vermiş tibb bacılarının mükafatlandırılması ilə başa çatdı.