19 dekabr 2015-ci il tarixində “Azərikimya” İstehsalat Birliyi və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə bir ay bundan öncə birliyin akt zalında startı verilən “Mərhəmətli olmağa tələsin!” xeyriyyə aksiyasına yekun vuruldu.
Tədbirdə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Birliyin ayrı-ayrı müəssisələrinin işçiləri və aksiyaya qoşulan digər təşkilatların nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə “Azərikimya” İB-nın Mətbuat katibi Rafiq Oday açaraq tədbir iştirakçılarını salamladı. Daha sonra çıxış edən AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova artıq ənənə halını almış aksiyaya fəal şəkildə qatılan təşkilatların nümayəndələrinə minnətdarlığını bildirdi və aksiyada fəal iştirakı ilə seçilən idarə və müəssisələrin nümayəndələrinə göstərdikləri dəstəyə görə “Təşəkkürnamə”lər təqdim olundu.
Aksiyada Sumqayıt şəhərinin bütün təhsil müəssisələrindən hər iki valideynini itirmiş şagirdlər, “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi”nin ehtiyaclı şagirdləri və QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan əlil və imkansız uşaqların isti qış geyimləri ilə təmin olunması nəzərdə tutulmuşdu. “Azərikimya” İB, “Azərtexnolayn” MMC, Xəzər SC, Paşa Həyat Sığorta, Rahat Marketlər şəbəkəsi, Delta Qrup, Sumqayıt Dövlət Universiteti, “Sumqayıt” Peşəkar Futbol Klubu, Alyans Tekstil Fabriki, Korbomid zavodu geyimlərin alınmasında fəal iştirak etmişdilər. Həmin təşkilatların nümayəndələrinin iştirakı ilə geyim əşyaları uşaqlara tədqim olundu. Daha sonra geyimlərin paylanmasını AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri davam etdirdilər. Bir ay ərzində davam edən aksiyada yekun olaraq 200 nəfərə qədər uşaqlara isti qış geyimləri paylanıldı.
Tədbirdə iştirak edə bilməyən sağlamlıq imkanları məhdud olan uşaqlara isti qış geyimləri evlərində çatdırıldı