Ötən həftə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin Azərbaycan dili kursunun müdavimləri müəllimə Sona Hacıyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Bakı ərazisində yerləşən Qobustan Dövlət Tarix və Bədii Qoruğuna ekoloji səfər etdilər. Oktyabr ayından başlayan Azərbaycan dili dərslərində dil təhsili ilə yanaşı müəllimə tərəfindən miqrant müdavimlərə Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, mətbəxi və qədim mədəniyyət abidələri haqda da müntəzəm məlumat verilir və imkan olduqca onların belə yerlərə səfərləri təşkil olunur.
Bu dəfə də müdavimlərə Qobustan Dövlət Tarix və Bədii Qoruğuna ekoloji dərs keçirildi. Dərs zamanı müdavimlər əvvəlcə Muzeyə daxil oldular və bələdçi Aytac Hacıyeva muzeyin yaranma tarixindən oradakı eksponatların tarixi əhəmiyyətinə qədər çox dolğun və detallı məlumat verdi. Aytac xanım ziyarətçilərin verdiyi sualları da çox səbr və həvəslə cavablandırdı. Daha sonra müdavim ziyarətçilər dağlara qalxaraq bələdçi Aytac xanımdan qayaüstü təsvirlər və nişanlar, qaval daş və başqa tarixi elementlər, arxeoloji qazıntılar zamanı tapılmış tarixi-mədəniyyət nümunələri barədə də geniş məlumat aldılar, əyləncəli parkda tarixi yaşam dövrünü əks etdirən xeymələrə də baxdılar. Onların marağına səbəb olan digər başqa əşyalar və məqamlarla bağlı müxtəlif suallar müəllimə və muzey bələdçisi tərəfindən ətraflı cavablandırıldı.
Altı saatlıq ekskursiyanın sonunda yaxşı bir süfrə arxasında gördüklərinin müzakirəsi aparıldı və çoxlu maraqlı şəkillər çəkildi.
Bu maraqlı gəzintinin təşkilində əməyi keçən hər kəsə rahat və mədəni xidmət təşkil etdikləri üçün AzQAC və müdavimlər tərəfindən minnətdarlıq edildi.
Miqrant müdavimlər səfərdən çox razı qalaraq Aypara Cəmiyyətinə və şəxsən müəllimə Sona Hacıyevaya təşəkkür etdilər və belə səfərlərin gələcəkdə də təşkil edilməsini arzuladılar.