Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi, AzQAC Binəqədi rayon bölməsi, Qan Donorlar Assosiasiyasının birgə təşkilatçılığı və Azərbaycan Beynəlxalq məktəbinin iştirakı ilə Binəqədi rayonunda yaşayan 50 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram tədbiri keçirildi.
Tədbir 17 mart 2016-cı il tarixində Bakı şəhərində yerləşən Tom&Jerry uşaq əyləncə mərkəzində baş tutdu.
Tədbiri giriş sözü ilə AzQAC-ın Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva açaraq bu gül balaları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdılar.
Uşaqlar üçün uşaq əyləncə mərkəzi tərəfindən bayram süfrəsi açılmış, cürbəcür dadlı yeməklər və şirniyyat süfrəsi təqdim olunmuşdur. Tədbir boyu uşaqlar çoxlu rəqs edib bolluca şənləndilər. Azərbaycan Beynəlxalq məktəbinin müəllimləri və könüllü şagirdləri, cizgi film qəhrəmanları və klounlar tədbirə rəng qatıb, uşaqları sevindirdilər. Həmin məktəbinin könüllü şagirdləri tərəfindən hazırlanan novruz hədiyyələri uşaqlara paylanıldı.
Sonda tədbirdə iştirak edən valideynlər tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, AzQAC Binəqədi rayon bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.