20 iyun 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF və ya Beynəlxalq Federasiya) Avropa Zona Ofisinin yeni təyin olunmuş direktoru cənab Simon Missiri və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Beynəlxalq Hərəkat daxili Avropa və Mərkəzi Asiya üzrə Əməkdaşlıq və Koordinasiya sektorunun rəhbəri xanım Sofiya Goyet Celebic Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) qonağı oldular.
AzQAC-nin Baş Qərargahı və muzeyi ilə tanış olan qonaqlar ilk olaraq Milli Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanov ilə görüşdülər. Novruz Aslanov və Simon Missiri arasında baş tutan görüş zamanı AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, bu əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək tərəfdaşlıq perspektivlər müzakirə olundu.
Daha sonra Novruz Aslanov Beynəlxalq Hərəkat daxili Avropa və Mərkəzi Asiya üzrə Əməkdaşlıq və Koordinasiya sektorunun rəhbəri xanım Sofiya Goyet Celebic və BQXK-nın Bakıdakı Ofisinin başçısı xanım Elena Ajmone Sessera və Əməkdaşlıq üzrə məsul şəxsi cənab Qreqori Le Coq ilə görüşmüşdür. Müzakirələr zamanı təşkilatlar arasında yüksək səviyyədə qurulmuş əməkdaşlığa, bu əməkdaşlıq çərçivəsində əldə olunmuş müsbət nəticələrə və bu əməkdaşlığın gələcəkdə də genişlənməsinə toxunulmuşdur.
Cənab Simon Missiri və xanım Sofiya Goyet Celebic Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Beynəlxalq Hərəkatın Azərbaycanda fəaliyyət göstərən tərkib hissələrinin iştirakı ilə baş tutan görüşdə iştirak etdilər. Əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən bütün Hərəkat nümayəndələrinin ölkədə həyata keçirdiyi humanitar missiya və fəaliyyətləri haqqında birgə işləri bir-biri ilə bölüşmək, birgə mümkün fəaliyyət və əməkdaşlığın istiqamətlərini aydınlaşdırmaq, gələcəkdə AzQAC-nın möhkəm və davamlı Milli Cəmiyyətə çevrilməsi işində müzakirələrin aparılması idi. Görüşlərdə AzQAC tərəfindən İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı katibin müavini Səbinə Məhbubi-İran, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova iştirak edirdilər. Eyni zamanda görüşdə Beynəlxalq Federasiyanın Mərkəzi Asiya, Şərqi Avropa və Türkiyə üzrə məsul şəxsi cənab Elxan Rəhimov, BQXK-nın Regional Əməkdaslıq üzrə nümayəndəsi Qregory Le Coq və Əməkdaşlıq üzrə məsul şəxsi Rasim Əlləzov da iştirak edirdilər.