8-9 iyul 2016-cı il tarixində Imişlidə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabirabad Regional Mərkəzinə (RM) daxil olan rayon bölmə sədrlərinin və Baş Gərargahdan İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavinləri Səbinə Məhbubi-İran və Şaban Şayevin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə AzQAC-ın yeni tərtib edilmiş “Strateji İnkişaf Planı” (2016-2020), Regional Mərkəz və rayon bölmələri üçün hazırlanmış yeni “Vahid hesabat sistemi”, “Təhlükəsiz Giriş” konsepsiyası, migrasiya sahəsində aparılan işlər və Mobil Könüllü Dəstələrin yaradılması məsələləri müzakirə edilmişdir.
Tədbirin açılışında AzQAC Sabirabad RM-nin kordinatoru Vilayət Muradlı iştirakçılara müraciət edərək müzakirələr zamanı fəal olmağa çağırmışdır. Sonra program əsasında ilk öncə 2016-2020-ci illəri əhatə edən yeni “Strateji İnkişaf Planı” (SİP) və ona daxil olan 5 məqsəd, vəzifələr və göstəricilər, yeniliklər izah edildi. Region, rayon bölmələri səviyyələrində görülən bütün fəaliyyətlər SİP-ə istinad olmalı və müvafiq göstəricilər hesabatlarda öz əksini tapmalıdır. Tərtib olunmuş SİP-də 5 məqsəddərin tərkibində bir yenilik kimi “Təhlükəsiz Giriş” konsepsiyası öz əksini tapmışdır. Bu konsepsiyanın yaranması son zamanlar cəbhə xəttində baş verən gərginliklə və ümumilikdə yerlərdə fəaliyyətlər aparılan zaman düzgün davranışa, xarici görünüşə, təşkilat arası və kənarda münasibətlərin düzgün qurulmasına daha ciddi fikir verməkdən irəli gəlir.
SİP-ın 2-ci məqsədinə uyğun olaraq fövqəladə hallar zamanı çevik səfərbər olunan, düzgün qaydada qiymətləndirməni aparan, humanitar dəstəyin paylanışında fəal iştirak edən, İlk Yardım vərdişləri, Axtarış xidməti və s. işləri aparan Mobil Könüllü Dəstələrin yaradılması nəzərdə tutulur. İlk öncə bu dəstələr regional səviyyədə və sonra təbii fəlakətlərə daha meyilli olan rayonların səviyyəsində yaradılacaq, amma tərkibi regiona daxil olan və tələblərə uyğun olan rayon bölmələrinin işçiləri və könüllülərindən ibarət olacaq.
Miqrasiya sahəsində son zamanlar görülən fəaliyyətlər, tədbirlər, məsələn Miqrasiya İnformasiya Mərkəzlərin yaradılması, dil kursları, “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda aparılmış seminarlar təqdirə layıqlıdır. Miqrasiya məsələsinin aktuallığını nəzərə alaraq həyata keçirilmiş fəaliyyətlərin kenişlənməsi məqsədə uyğundur.
“Vahid hesabat sistemi” sənədinə gəldikdə qeyd olundu ki, bu sənəd AzQAC-ın RM və rayon bölmələrindən toplanılan məlumatların, göstərilən yardımların, həyata keçirilmiş fəaliyyətlərin daha dəqiq, şəffaf və aydın şəkildə təqdim edilməsi üçün tərtib edilmişdir və bundan sonra yerlərdən hesabat bu sənədə əsasən toplanılacaq.
Görüşün sonunda AzQAC-nın Katibliyi tərəfindən bildirildi ki, belə bir regional görüşlər növbəti ildə də davam olunacaq və artıq SİP, “Vahid hesabat sistemi” sənədlərinə görə qurulmuş işlərin və təqdim olunmuş məlumatların müzakirələrinə və şərh olunmaları üçün müvafiq şərait yaranılacaq.
Təqdimatların sonunda hər bir rayon bölmə sədrinə yeni “Strateji İnkişaf Planı” (2016- 2020) və vahid hesabatın nüsxəsi təqdim olundu.