Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir.
Hər il olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri bu tədbirlər çərçivəsində yerli qurumlarla birgə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir. Belə ki, noyabr ayının 14-də AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Astara rayon Mərkəzi Xəstəxanasında Lənkaran, və Astara rayonlarında fəaliyyət göstərən uşaq həkimlərilə təşkil edilən görüşdə proqramın kordinatoru Mətanət Qaraxanova tərəfindən Uşaq hüquqları ilə bağlı geniş məlumatlar təqdim edilmişdir. O, pediatrları Uşaq Hüquqları Konvensiyaya daxil edilən maddələrlə tanış etdi və həkimləri uşaqların sağlamlığının keşiyində həyata keçirilən fəaliyyətlərə uşaq hüquqları prizmasından yanaşaraq, bu sahədə fəal olmağa çağırmışdır. Bununla yanaşı tədbirdə iştirak edən AzQAC Astara rayon bölməsinin sədri Asif Hüseynquliyev həkimlərə miqrasiya ilə bağlı məlumatları çatdırmış, əyani vəsaitlər paylamışdır.