16-17 may 2017-ci il tarixlərində Qazaxıstanın Alma-Atı şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının növbəti Regional Konfransı keçirilmişdir. Konfransın əsas mövzusu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzləşdiyi çətinliklər və onların həlli yollarının müzakirəsi olmuşdur. Konfransda AzQAC-nin Prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov və AzQAC-nin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə iştirak etmişdir.
Görüş zamanı iştirakçılara AzQAC-nin yerli və beynəlxalq səviyyədə humanitar fəaliyyətləri, dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlarla əməkdaşlığın təşkil olunması, ölkəmizdə mövcud olan müharibə şəraiti və bunun nəticəsində 1 (bir) milyon qaçqın və məcburi köçkünün olması, Aprel hadisələri və s. üzrə məlumat cənab Novruz Aslanov tərəfdən çatdırılmışdır.
Ümumi müzakirələr zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti daha aktiv iştrak edərək fəallığı ilə seçilmişdir.
Regional Konfransda Nümayəndə Heyəti ayrıca olaraq, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti cənab Françesko Rokka və Beynəlxalq Federasiyanın Avropa Zona Ofisinin direktoru cənab Simon Missiri ilə rəsmi görüşlər keçirmişdir.
Regional Konfransda iştirak edən Nümayəndə Heyəti Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi tərəfindən yüksək diqqətlə əhatə olundu.