Azərbaycan Qızıl Aypara Hərəkatında fasiləsiz olaraq 65 il çalışmış Fomina İvanovna Cəmiyyətin əməkdaşları tərəfindən evində ziyarət edildi. Klavdiya İvanovna 1949-cu ildən 2001-ci ilədək Cəmiyyətin “Neft Daşları” ilk təşkilatına rəhbərlik etmişdir. 2001-2009-cu illərdə isə AzQAC-ın “Neft Daşları və Çilov adası” birləşmiş bölməsinə sədrlik etmişdir. İşlədiyi müddətdə hər zaman ciddiliyi, məsuliyyətliyi, xeyirxahlığı, nizam-intizamı ilə seçilmiş və humanist məramını qoruyub saxlamışdır.
Klavdiya Fomina SSRİ QX/QA İcraiyyə Komitəsi tərəfindən “Piroqov” medalı və müxtəlif döş nişanları ilə təltif olunmuş və fəxri fərmanlara layiq görülmüşdür. Həmşinin ölkə başçısı cənab İlham Əliyevin 28 fevral 2005-ci ildə imzaladığı sərəncama əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun tapşırığına əsasən Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadənin rəhbərliyi ilə qurumun əməkdaşları Klavdiya Fominaya baş çəkdilər, ona ərzaq bağlamaları və maddi yardım təqdim etdilər. Onunla söhbət etdilər və problemləri ilə maraqlandılar. Söhbət zamanı K.Fominanın keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salınmış, bundan sonra da onun AzQAC-ın diqqət mərkəzində olacağı ifadə olunmuşdur.
Sabiq ayparaçı Fomina Klavdiya İvanovna ona göstərilən belə diqqət və qayğıya görə Cəmiyyətin prezidenti cənab Novruz Aslanova və rəhbərlik etdiyi kollektivə dərin minnətdarlığını bildirdi.